Xarici xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıqda ittiham olunan şəxs saxlanılıb. Bu barədə əməliyyat-istintaq tədbirlərini həyata keçirən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat xidməti məlumat yayıb.
Bizimyol.info xəbər verir ki, xarici xüsusi xidmət orqanlarının Azərbaycanın milli təhlükəsizliyinə yönələn kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkar edilərək qarşısının alınması istiqamətində DTX tərəfindən davam etdirilən əməliyyat-istintaq tədbirləri zamanı 1969-cu il təvəllüdlü Siyafət Fərzəliyevin dövlətə xəyanət etməsinə əsaslı şübhələr yaranıb.
"Araşdırmalarla müəyyən edilib ki, Naxçıvan Muxtar Respublikasının sakini Siyafət Fərzəliyev xarici ölkədə olarkən həmin dövlətin xüsusi xidmət orqanının nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib. Ölkəyə qayıtdıqdan sonra onların tapşırığı əsasında Naxçıvan şəhəri və Şahbuz rayonu ərazilərində yerləşən hərbi və digər strateji əhəmiyyətli obyektlərin videoçəkilişlərini apararaq xarici xüsusi xidmət orqanının nümayəndələrinə təqdim edib", - deyə DTX-nın rəsmi açıqlamasında bildirilir.
Onun yaşadığı mənzilə baxış keçirilərkən oradan “Kalaşnikov” tipli avtomat silahının ayrı-ayrı hissələrinin aşkarlanaraq götürüldüyü də məlumatda qeyd olunur.
Siyafət Fərzəliyev Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini saxlama, daşıma və ya gəzdirmə) və 274-cü (dövlətə xəyanət) maddələri ilə məsuliyyətə cəlb olunub. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bizimyol.info






