Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uşaqlara ən çox qoyulan adlar - Dəbin dalğası, yoxsa kimliyimizin izi?
Uşaqlara ən çox qoyulan adlar - Dəbin dalğası, yoxsa kimliyimizin izi?

Son illər yeni doğulan uşaqların ad siyahısına baxanda qəribə bir mənzərə yaranır. Sanki hər kəs eyni kitabı oxuyur, eyni filmlərə baxır, eyni qəhrəmanlardan təsirlənir. Bir-birinin ardınca doğulan körpələr eyni adları daşıyır, sanki toplum olaraq böyük bir ailəyik və hamımız “ad dəbindən” xəbərdarıq.

Ad sadəcə bir söz deyil. Ad uşağın ilk kimliyidir, onun dünyaya verdiyimiz ən dəyərli hədiyyədir. Buna baxmayaraq, valideynlərin əksəriyyəti ad seçərkən həm ənənəyə, həm də dəblə ayaqlaşmağa çalışır. Məhz elə buna görə siyahılar davamlı olaraq “Zeynəb”, “Mədinə”, “Uğur”, “Yusif”, “Əli”, “Nuray”, “Ayxan” kimi adlarla dolub-daşır. Bu adlar fonetik sadəliyi, dini və ya tarixi bağlılığı, həm də müasirlik çaları ilə kütlənin gözündə ideal balans yaradır.

Öz aramızda desək, bu adların sevilməsi tamamilə başadüşüləndir. “Yusif” adının yumşaqlığı, “Zeynəb”in nurlu səslənişi, “Uğur”un uğur vəd edən pozitiv enerjisi və s. Hər biri bir arzunun, bir ümidin davamçılarıdır. Bəlkə də buna görədir ki, statistik sıralamada illərdir öz yerlərini qoruyurlar. Bununla belə, bir paradoks da var. Hər valideyn övladının xüsusi olmasını istəyir, amma çox vaxt elə ən çox seçilən adları seçir.

Əlbəttə, son illərdə fərdi və orijinal adlara meyl də artıb. “Almila”, “Aram”, “Suva”, “Miray” kimi adlar zaman-zaman gündəmə gəlir. Amma yenə də geniş toplumda ənənənin çəkisi ağırdır. Biz ad seçərkən yalnız öz zövqümüzü deyil, həm də nənələrimizin “adın mübarək olsun” duasını düşünürük.

Sonda bir həqiqət qalır ki, uşağa qoyulan ad təkcə söz deyil, bir ömürlük yol yoldaşıdır. Populyar, nadir, klassik və fərqli. Əsas olan valideynin ürəyindəki sevginin o ada sığmasıdır. Adı daşıyan uşaq böyüdükcə adını öz rənginə boyayır, ona məna verir. Bəlkə də populyar adların sirri elə budur ki, hər kəs öz hekayəsini həmin adın içində tapır.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »