Cem Yılmaz uzun illərdir Türkiyənin ən tanınan komediya simalarından biridir. Onun yeni “CMXXIV” adlı “stand-up” proqramına marağın böyük olması təəccüblü deyil. Lakin bu dəfə gündəmi sənətin özü yox, biletlərin qiyməti zəbt edib. 850–10.000 TL-lik (təxminən 35–402 AZN) aralıq artıq sosial mediada narazılıq tufanı yaradıb. İddialara görə, bəzi yerlərdə qiymətlər 49.850 TL-yə (təxminən 2 min AZN) qədər yüksəlib. Bu, sadəcə mədəni tədbir deyil, iqtisadi bərabərsizliyin güzgüsünə çevrilmiş mənzərədir.
Ən böyük problem nədir? “Ucuz” adlandırılan biletlərin belə real olaraq əldə olunmaması. İstifadəçilər yazır ki, ən aşağı kateqoriyalar ya sürətlə tükənir, ya da ümumiyyətlə satışa çıxarılmır. Praktik olaraq, şounu izləmək istəyən orta gəlirli tamaşaçının qarşısında qapı bağlıdır. Bir komediya şousunun elit təbəqəyə məxsus lüks tədbirə çevrilməsi ciddi suallar doğurur.
İş bununla da bitmir. Avropa turnesinin qiymətləri də çoxlarının gözləntisini alt-üst edib — 67,50–207,50 avro (132–406 AZN). Hətta sosial şəbəkələrdə “Türkiyədə bahadır, Avropada da ucuz deyil” iradları səslənir. Deməli, bu, sadəcə Türkiyə iqtisadiyyatı ilə bağlı məsələ deyil, məqsədyönlü qiymət strategiyasıdır.
Əlbəttə, heç kim sənətçinin əməyini, komandasını, təşkilat xərclərini, bazar reallığını inkar etmir. Amma sual ortaya çıxır ki, gülmək lüks olmalıdırmı? Komediya, cəmiyyətin gündəlik stresdən qaçış vasitəsidir və yalnız yüksək gəlirlilərin imtiyazına çevrildikdə, bu sənət öz funksiyasını itirir.
Cem Yılmaz uzun müddətdir xalqın sevgisi ilə zirvədədir. Lakin bu bilet siyasəti həmin sevginin sınağa çəkilməsi deməkdir. Sosial media reaksiyası da göstərir ki, insanlar sadəcə bahalığa yox, ədalətsizliyə etiraz edirlər.
Komediya insanı güldürməlidir, cibini "ağlatmamalıdır". Əks halda gec-tez səhnədəki alqışlar tənqidə çevriləcək.
Leyla Mirzə, Bizimyol.info






