Cəmiyyət hər gün müxtəlif sosial dramlarla sarsılır, amma bunların içində ən ağrılısı bir uşağın valideyni tərəfindən tərk edilməsi ilə başlayan hekayələrdir. Valideynlik bioloji bir hadisə ola bilər, amma məsuliyyət, sevgi, qayğı və öhdəlik hissi təkcə doğmaqla yaranmır. Təəssüf ki, bəziləri bu həqiqəti çox gec, bəzən də heç vaxt anlamır.
Bu, yalnız hüquqi və sosial məsələ deyil, həm də dərin mənəvi problemdir. Uşağın tərk edilməsi onun taleyinə sağalmaz yaralar vurur. Belə uşaqların çoxu özlərini dəyərsiz hiss edir, günahkarlıq duyğusuna qapılır və “niyə məni istəmədilər?” sualı ilə böyüyür. Bəzi yaralar zamanla sağalsa da, atılmanın yaratdığı boşluq ömür boyu unudulmur.
Valideynlər isə bu qərarı verərkən çox vaxt öz həyatlarını yüngülləşdirdiklərini düşünürlər. Amma əslində, onlar yalnız bir uşağın deyil, bütöv bir cəmiyyətin inamını, mənəvi dəyərlərini və sabahını zədələyirlər.
Övladından imtina edən valideynlər bəzən həyat çətinliklərini bəhanə gətirir, bəzən də öz şəxsi seçimlərini uşağın taleyindən üstün tuturlar. Amma nə qədər səbəb göstərilsə də, nəticə dəyişmir. Sığınacaqlar, sosial xidmətlər, könüllü qurumlar hamısı bu boşluğu doldurmağa çalışır. Lakin heç bir qurum bir valideynin verə biləcəyi sevgini tam əvəz edə bilməz. Uşağın psixologiyası, gələcəyə inamı, özünə güvəni bütün bunlar valideyn sevgəsi ilə formalaşır.
Valideynlikdən qaçmaq, övladını qorumaqdan imtina etmək, onun gələcəyini öz əlləri ilə zəhərləmək əxlaqi baxımdan ən ağır xəyanətlərdən biridir. Bu xəyanətin qurbanı isə müdafiəsiz bir uşaqdır.
Bir uşaq tərk ediləndə o yalnız evini deyil, həm də dünyaya olan etibarını itirir.
Leyla Mirzə, Bizimyol.info






