Hər gün müxtəlif rəsmi qurumların “filan ərazidə işıq olmayacaq”, “bəzi ünvanlarda qaz təchizatı dayandırılacaq”, “su xətlərində təmir səbəbilə fasilə veriləcək” kimi məlumatlar yayması artıq cəmiyyət üçün adi hala çevrilib. Halbuki müasir dövrdə, xüsusilə yüksək texnologiyanın, rəqəmsal monitorinq sistemlərinin və avtomatlaşmış infrastrukturun bu qədər inkişaf etdiyi bir zamanda belə fasilələrin tez-tez baş verməsi həm gülməli, həm də düşündürücüdür. Sanki texnologiya irəlilədikcə problem azalacağına, daha da görünən olur.
İnfrastruktur fasilələrinin səbəbi çox vaxt “təmir”, “qəza”, “xətt yenilənməsi”, “köhnə şəbəkə” kimi izahlarla əsaslandırılır. Lakin məsələnin kökündə təkcə texniki çatışmazlıq yox, idarəetmə, planlaşdırma və uzunmüddətli investisiya strategiyalarının qeyri-kafi olması dayanır.
Dünya təcrübəsinə baxdıqda ilk nümunələrdən biri Yaponiya və Cənubi Koreyadır. Bu ölkələrin enerji və kommunal şəbəkələri o qədər optimallaşdırılıb ki, genişmiqyaslı fasilələr demək olar ki, baş vermir. Zəlzələ kimi fövqəladə hallarda belə, enerji təchizatı avtomatik yönləndirilir, alternativ xətlər saniyələr içində işə düşür. Şəbəkələrdəki nasazlıqların çox hissəsi süni intellekt əsaslı monitorinq sistemləri tərəfindən öncədən proqnozlaşdırılır və planlanmış təmir işləri günlər əvvəl bildirildiyi üçün qəfil kəsintiyə ehtiyac qalmır.
Bu nümunələr göstərir ki, düzgün planlaşdırma və texnologiya ilə bu kimi fasilələri nadir hala gətirmək mümkündür. Problem təkcə texniki deyil, həm də idarəetmə və investisiya məsələsidir. Əgər ölkədə şəbəkə xətləri hələ də illər əvvəlki infrastruktura əsaslanırsa, təmir işləri qarşısıalınmaz şəkildə davam edəcək. Digər tərəfdən, xidmət sahələrinin maliyyə dayanıqlığı təmin olunmazsa, innovasiya və yenilənmə yatırımları gecikir, bu da fasilələrin artmasına gətirib çıxarır.
Texniki fasilələrin azalmasının başqa bir yolu rəqəmsallaşmadır. Çox sayda ölkə artıq pilot layihələrdə qaz və su xətlərində dronlardan, robotlardan və sensorlardan istifadə edir. Problem hələ baş verməmişdən əvvəl aşkarlandığı üçün kəsinti ehtiyacı o qədər azalır ki, bəzən illərlə heç bir fasilə qeydə alınmır.
Bu gün hər gün yayılan “filan ərazidə işıq olmayacaq” kimi xəbərlər müasir dövr üçün artıq normal hal kimi qəbul edilməməlidir. Texniki fasilələrin fasiləsiz xidmətlə əvəz olunması mümkündür və dünyanın ən inkişaf etmiş ölkələri bunu uğurla edir. Bu məsələnin həlli daha çox texniki imkanlardan çox, uzunmüddətli strategiya, düzgün investisiya və şəffaf idarəetmədən keçir. Təmir elanlarının gündəlik xəbərə çevrilməsi infrastruktur zəifliyinin göstəricisidir və bu sahədə modernləşmə qaçılmazdır.
Leyla Mirzə, Bizimyol.info






