Slovakiyanın paytaxtı Bratislavada iki sərnişin qatarının toqquşması nəticəsində azı 18 nəfər xəsarət alıb. Hadisə Bratislava ilə ölkənin şimal-şərqində yerləşən Pezinok şəhəri arasında hərəkət edən şəhərətrafı xəttdə baş verib.
Bizimyol.info xəbər verir ki, Slovakiya Polis İdarəsinin “Facebook” səhifəsində yayılan açıqlamaya əsasən, yaralıların hamısı Bratislava Universitet Xəstəxanasına (UNB) məxsus dörd müxtəlif tibb müəssisəsinə yerləşdirilib. Məlumata görə, onların əksəriyyəti yüngül xəsarət alıb.
Hadisənin dəqiq səbəbi hələ müəyyən edilməyib. Slovakiya Dəmir Yolları (ZSSK) baş verənlərlə bağlı ətraflı istintaqa başlayıb.
Polis və təcili yardım qrupları qısa müddətdə hadisə yerinə çataraq yaralılara ilkin tibbi yardım göstərib. Polis İdarəsi bildirib ki, toqquşma Bratislavadakı bir stansiyada baş verib və ilkin məlumata görə, qatarlar relsdən çıxmayıb.
Qəzanın ardından dəmir yolu hərəkəti hər iki istiqamətdə dayandırılıb. Sərnişinlərin təxliyəsi üçün hadisə yerinə avtobuslar göndərilib.
Slovakiyanın daxili işlər naziri Matus Şutay-Estok sosial şəbəkədə qəza anına və xilasetmə əməliyyatına dair görüntülər paylaşıb. Nazir hadisə yerində çalışan bütün xilasedicilərə təşəkkür edib: “Bu gün kömək edən hər kəsə minnətdaram. Xüsusilə yanğınsöndürənlərə, polis əməkdaşlarına və tibb işçilərinə operativ müdaxilələrinə görə təşəkkür edirəm. Sevindirici haldır ki, bu qəzada ölüm halı qeydə alınmayıb. Yaralıların tezliklə sağalacağına ürəkdən inanıram. Qəzanın hərtərəfli araşdırılması üçün bütün imkanlarımızı səfərbər edəcəyik”, - deyə o bildirib.
Qeyd edək ki, oktyabrın 13-də Slovakiyanın şərqində, Jablonov nad Turnou yaxınlığında baş verən başqa bir qatar qəzasında ikisi ağır olmaqla 20 nəfər xəsarət almışdı.
Qadir, Bizimyol.info






