Gələn il Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə subsidiya ayrılmayacaq. Bizimyol.info xəbər verir ki, bu barədə 2026-cı il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyində qeyd edilib. Belə ki, 2026-cı ildə proqnozlaşdırılan subsidiyalar 8 funksional sahəni əhatə etmiş, cari ildən fərqli olaraq "Sosial müdafiə və sosial təminat" bölməsi üzrə subsidiya proqnozlaşdırılmayıb.
- 2026-cı il dövlət büdcəsində Komitəyə subsidiya ayrılmaması barədə məlumatlar var. Maliyyə yardımının ayrılmamasına səbəb nə ola bilər?
- Qurumun ləğvi və ya hansısa qurumun nəzdinə keçirilməsi kimi bir ehtimal varmı? Bu quruma artıq ehtiyac varmı?
Yaranan suallarla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (“Qaçqınkom”) sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət təsisatıdır: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hər ilin sonu imzaladığı Fərmanla növbəti il üçün dövlət büdcəsindən komitəyə ayrılan vəsaitin miqdarı və istiqamətləri müəyyən edilir”.
Günel Həsənova, Bizimyol.info






