Maliyyə naziri Sahil Babayev bildirib ki, Azərbaycanda gəlir vergisi dünyada ən aşağı səviyyələrdəndir. 2026-cı ildən 2 500 manata qədər gəlirə 3% vergi tətbiq ediləcək. Ümumi fiskal yük 52-55%-dən 37%-ə endirilib. Gəlir vergisi 2026-2028-ci illərdə tədricən 3%-dən 7%-ə qalxacaq və daimi olaraq 2 500 manata qədər 7%, 8 min manata qədər 10%, 8 min manatdan yuxarı isə 14% olacaq. Bu dəyişikliklər kiçik və orta biznesin, investisiyaların və infrastrukturun inkişafına müsbət təsir göstərəcək.
- Gəlir vergisinin 3%-dən başlayıb tədricən 7%-ə çatdırılması sizcə vergi ödəyicilərinə və bazara hansı siqnalları verir? Bu model az gəlirli və orta təbəqənin rifahına necə təsir edə bilər?
- Azərbaycanın gəlir vergisi dərəcələrinin beynəlxalq müqayisədə “aşağı” olması ölkəyə xarici investisiya cəlbini artıracaqmı?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında Beynəlxalq hüquq üzrə professor, ekspert Fərhad Mehdiyev bildirib ki, investor işçi deyil və onun vergisi gəlir vergisi kimi fərqli əsaslarla hesablanır.
Fərhad Mehdiyev“Burada söhbət fiziki şəxsin - yəni işçinin gəlirindən tutulan vergilərdən gedir. Amma investor işçi deyil. Onun vergisi gəlir vergisi kimi fərqli əsaslarla hesablanır. İnvestorlara isə imtiyazlı vergi rejimi tətbiq olunmalıdır. Məsələn; Türkiyə ilə belə razılaşmamız var ki, Türk iş adamları burada yerli sahibkarlardan daha aşağı vergi ödəyirlər. Bu, investisiyanın təşviqi üçün vacibdir.
Bundan əlavə, investorlar həmişə qazancını ölkədən rahat şəkildə çıxarmaq imkanı istəyirlər. Düzdür, Azərbaycanda bu sahədə problem yoxdur. Çıxara bilirlər. Lakin onlar vergi qanunvericiliyində dəyişiklik olacağı təqdirdə, həmin dəyişikliklərin ən azı 5 il müddətində onlara şamil olunmamasını istəyirlər. Yəni sabit vergi rejiminə təminat verilməsini vacib sayırlar”-deyə Fərhad Mehdiyev qeyd edib.
Günel Həsənova, Bizimyol.info






