Yəmənin paytaxtı Səna şəhərinə İsrail tərəfindən endirilən hava zərbələri nəticəsində azı 9 nəfər həlak olub, 174 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Səna şəhərini nəzarətdə saxlayan "Ənsar Allah" (Husilər) hərəkatının yaratdığı hökumətin Səhiyyə Nazirliyi məlumat yayıb.
“İsrailin son hücumu nəticəsində ölənlərin sayı 9-a yüksəlib, yaralananların sayı isə 174 nəfəri keçib. Mülki müdafiə qüvvələri və xilasedicilər dağıntılar altından sağ qalanları axtarmağa davam edirlər,” – deyə husi nəzarətindəki qurumun yaydığı bəyanatda bildirilir.
Sentyabrın 25-də İsrail hərbi hava qüvvələri Səna şəhərinə bir neçə hava zərbəsi endirib. İsrailin müdafiə naziri Yoav Qalantın sözlərinə görə, hücumlar husilərə məxsus silah anbarları və döyüşçülərin yerləşdiyi mövqeləri hədəf alıb.
Husilər daha əvvəl 8 nəfərin öldüyünü, 142 nəfərin isə yaralandığını açıqlamışdılar.
Hücumlar, husilərin buraxdığı pilotsuz uçuş aparatının İsrailin cənubundakı Eylat şəhərinə düşməsindən bir gün sonra həyata keçirilib. Hadisə nəticəsində İsrailin təcili tibbi yardım xidmətinin məlumatına görə, 20-dən çox insan xəsarət alıb, onlardan ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qadir, Bizimyol.info






