ABŞ-ın Stenford Universitetində aparılan araşdırmalar göstərib ki, beyin-kompüter interfeysləri (BCI) təkcə nitq cəhdini deyil, həm də qəsdən danışılan sözləri deşifrə edə bilir.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, araşdırma "Cell" jurnalında dərc olunub.
Texnologiyanın ciddi nitq iflici olan insanlara yalnız düşünərək ünsiyyət qurmağa kömək edə biləcəyi bildirilir.
Tədqiqatçı Erin Kunz: "İlk dəfə olaraq nitq haqqında düşünəndə beynin necə göründüyünü başa düşdük", - deyib.
Araşdırmada ALS və beyin sapı iflici səbəbiylə danışa bilməyən dörd iştirakçının motor korteksinə mikroelektrodlar implantasiya edilib. İştirakçılar ya müəyyən sözlər söyləməyə cəhd etdilər, ya da sadəcə onlar haqqında düşündülər. Daha sonra alimlər süni intellektdən istifadə edərək beyin siqnallarını deşifrə ediblər.
Sistem 125.000 sözdən ibarət lüğətdən cümlələri 74 faizə qədər dəqiqliklə deşifrə edə bilib. Tədqiqatçılar arzuolunmaz daxili səslərin oxunmasının qarşısını almaq üçün parolla idarə olunan təhlükəsizlik sistemi də hazırlayıblar.
Təcrübələrdə sistem yalnız istifadəçi müəyyən bir ifadə düşündüyü zaman aktivləşir. "Chitty chitty bang bang" parolu 98 faizdən çox dəqiqliklə tanınıb.
Tədqiqatçı Frank Villett bu texnologiyanın gələcəkdə iflic olan insanlara "nitqə bənzər təbii ünsiyyət" təmin edə biləcəyini bildirib.
Qadir, Bizimyol.info






