Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avtomobil bazarında durğunluq: Çində istehsal olunan maşınlar ucuzlaşır, "köhnələr" də satılmır
Avtomobil bazarında durğunluq: Çində istehsal olunan maşınlar ucuzlaşır, "köhnələr" də satılmır

Ölkədə avtomobil sayının artması özünəməxsus yanlış təsəvvür yaradır. Elə təəssürat var ki, tələb yüksək olduğundan, təklifin dərəcəsi də yuxarıdır. Halbuki bazarda “bolluq” yaranması həm də durğunluğa səbəb olub. Maşın bazarlarında bir neçə dəqiqə keçirmək kifayətdir ki, gerçək mənzərə ortaya çıxsın. Yaşı 10-dan çox olan avtomobillərə maraq çox aşağıdır. Digər yandan Çin istehsalı olan nəqliyyat vasitələri də ciddi şəkildə ucuzlaşmağa başlayıb.

Bizimyol.info xəbər verir ki, 2025-ci ilin yanvar-may aylarında ölkəyə 43 minə yaxın avtomobil gətirilib. İdxalın dəyəri 800 milyon manata yaxın olub. Keçən ilin eyni dövrü ilə müqayisədə say 20,3, ümumi dəyər isə 22 faiz artıb. Təkcə mayda ölkəyə 9 mindən çox avtomobil idxal olunub.

Göründüyü kimi, idxal populyarlığını itirməyib. Amma tələb xeyli azalıb. Eyni zamanda, alıcıların daha ehtiyatlı davranması da diqqət çəkir. Çin maşınlarının ucuzlaşması daha çox götür-qoy etmək zərurəti yaradır.

Ekspertlər başqa amilləri də qabardır. Onlar hesab edir ki, xüsusilə Çin avtomobilləri nə qədər ucuz görünsə də, həm də alıcıya dəyərindən xeyli baha təklif olunurdu. İndi bu müstəvidə müəyyən sabitlik yaranır. Bu ölkədən gətirilən maşınlar gerçək dəyəri ilə bazara çıxır.

Digər amil kimi Çin maşınları üçün “ikinci əl” bazarının formalaşmamasıdır. Həqiqətən də, bununla bağlı qeyri-müəyyənlik var. Hələ bilinmir ki, yaşı 10-a yaxınlaşanda həmin avtomobillərə münasibət necə olacaq.

Daha köhnə Avropa, Uzaq Şərq avtomobilləri isə sahibini çox gözləməyə başlayıb. Eksperlər bunu iqtisadi vəziyyətin ürəkaçan olmaması ilə əlaqələndirirlər. Ümumiyyətlə, bütün amillərdən ən öndə gələni iqtisadi məsələdir. Necə deyərlər, camaatın durumu yaxşı deyil. Yaxın gələcəkdə idxalın azalması da mümkündür. Çünki bazar bu dövr üçün yetərincə “doymuş” görünür.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »