“ABŞ Prezidenti Donald Tramp Günəş və külək enerjisinə dövlət subsidiyalarının dayandırılması haqqında fərman imzalayıb. Tramp hökümətinin bildirdiyinə görə günəş və külək enerjisi layihələrinin yayılması əlverişli, etibarlı və tənzimlənən daxili enerji mənbələrini sıxışdırır və elektrik şəbəkələrinin işini pozur. Bundan əvvəl, yanvar ayında ABŞ Prezidenti Donald Trampın administrasiyası federal torpaqlarda və su hövzələrində külək və günəş enerji layihələrinin təsdiqini ən azı 60 gün müddətinə dayandırmışdı. Həmçinin ABŞ Maliyyə Nazirliyinə dənizdəki külək elektrik stansiyaları üçün yeni icarə müqavilələrini dondurmaq tapşırılmışdı”.
Bu barədə Milli Məclisin deputatı Müşfiq Cəfərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Donald Tramp əvvəllər də dənizdəki külək elektrik stansiyalarının istifadəsinə qarşı çıxaraq, onların quşları və balinaları öldürdüyünü iddia edib: “Hərçənd ki, ABŞ Milli Okean və Atmosfer İdarəsi onların istifadəsi ilə balinaların ölümündə artım arasında heç bir sübutun olmadığını bildirirdi. Lakin digər tərəfdən cənab Tramp ABŞ-ın ölkənin enerji tələbatını ödəmək üçün kifayət qədər elektrik enerjisinə malik olmadığını da bildirib. Bu da o deməkdir ki, bərpa olunan enerjiyə ehtiyac var. Onu da deyim ki, Amerikanın bir çox ştatında yaşıl enerjidən istifadə edilir”.
Müşfiq CəfərovMüşfiq Cəfərovhesab edir ki, Azərbaycanda bərpa olunan enerji imkanları olduqca genişdir.
“Dövlətimiz xüsusilə Qarabağ bölgəsinin potensialından istifadə edərək, daha təmiz və ucuz enerji istehsalı və tətbiqinə start verib. Amma ABŞ-dan fərqli olaraq Azərbaycan həm də quruda bərpa olunan enerji müəssisələri yaradır.
Donald Tramp hakimiyyəti külək və günəş enerji stansiyalarının dənizdə fəaliyyətinə qarşıdır. Düşünürəm ki hər coğrafiyanın iqlimi fərqlidir. Əgər ABŞ höküməti düşünürsə ki, yaşıl enerji stansiyaları yalnız quruda yaradılmalıdır, bunun üçün təşviq lahiyələri də hazırlanmalıdır. Əks halda, tətbiq olunan subsidiyaların dayandırılması təmiz və ucuz enerjinin əlçatanlığını azaldacaq”-deyə Müşfiq Cəfərov vurğulayıb.
İradə Cəlil, Bizimyol.info






