Azərbaycanda, xüsusilə də Bakıda yol infrasturukturu demək olar ki, hamını narahat edir. Səkilər, keçidlər, dayanacaqlar...
Şəhərdə yollar necə qurulmalıdır?
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, çoxfunkisonal küçə və yol terminlərini ayrımaq lazımdır.

“Şəhərdə insanlar çox yaşayır və hərəkət edirsə, burda qurulan küçələr çoxfunksional qurulmalıdır. Fərqli hərəkət iştirakçıları üçün hərəkət imkanı yaradılmalıdır. Müasir şəhərlərdə şəhər iyerarxiyasının ən üst pilləsində insan dayanır. Bundan sonra mikromobillik və ictimai nəqliyyat, ən sonda fərdi nəqliyyat yer alır”-deyə ekspert qeyd edib.
Rauf Ağamirzəyevin fikrincə, küçələr elə qurulmalıdır ki, axınlar qarışmasın.
“Piyada, mikromobillik, ictimai nəqliyyat vəhdət halında qurulmalı və rahat keçid təmin olunmalıdır. Küçələr lahiyələndirilən zaman ictimai səhiyyəyə düşən yük də nəzərə alınmalıdır. Yəni yanlış lahiyələndirilən küçələr qəza riskini və səhiyyənin yükünü artırır. Amma doğru lahiyələndirilən, təhlükəsizliyi qabardan həlləri nəzərə alan işlər səhiyyəni yollardakı əlavə yüklənmədən azad edir. Piyadanın davranışı təhlil edilməlidir. Qəza olan sahə üzrə makro səviyyədə analiz aparılmalıdır. Qəza olan yerə qədər piyada infrastrukturu təftiş edilməlidir. Bu işlər müstəqil ictimai təşkilatlara həvalə edilməlidir”-deyə ekspert bildirib.
Rauf Ağamirzəyev qeyd edib ki, yollarda təmir zamanı müvəqqəti nişanların sayı çox olmalı bu hissələrdə sürət azaldılmalı və buradə məlumat verilməlidir: “Səki tikintisi səbəbindən yol bağlanıbsa, piyadaların rahat hərəkəti nəzərə alınmaqla müvəqqəti səki təmin edilməli və xəbərdaredici nişanlar qoyulmalıdır”.
İradə Cəlil, Bizimyol.info