Ölkədə doğum sayının azalması ilə bağlı narahatlıq xeyli vaxtdır var. 2024-cü ildə sayın azı son 70 ilin ən aşağı həddi olduğu üzə çıxmışdı. İl ərzində 102 mindən bir qədər çox körpənin dünyaya göz açdığı məlum olmuşdu. Axırıncı dəfə 1953-cü ildə bu qədər aşağı göstərici qeydə alınmışdı.
Bizimyol.info xəbər verir ki, doğum sayının azalmasında nikahlarla bağlı məsələ vacib rol oynayır. 2024-cü ildə 49,5 min nikah qeydə alınıb. Pandemiya ilini, yəni 2020-ni saymasaq, son 22 ildə bu qədər aşağı göstərici olmayıb. Yəni nikahların sayının kəskin azalması təsirsiz ötüşməyib. Təkcə onu qeyd etmək yetər ki, 2011-ci ildə iki dəfə çox nikah rəsmiləşmişdi.
Bura boşanmalarla bağlı məsələni də əlavə etmək olar. 2000-ci illərin əvvəllərindən bəri say 4 dəfədən çox artıb. Statistikaya nəzər salanda inanmaq olmur. Məsələn, 1999-cu ildə cəmi 5013 boşanma qeydə alınmışdı. İki ildir say 21 mini ötür. Bu halda doğum sayının azalmasına təəccüblənmək lazım deyil.
İndi baş verənləri başqa amillərlə də bağlamaq olar. Sonsuzluq halları artır, üstəlik, abort sayında artım var. 2020-ci ildə hər 1000 qadına 13,3 abort düşürdü. 2023-cü ildə göstərici iki dəfədən çox artıb və 27,9 əmsala çatıb. İki il əvvəl ümumi abort sayının 73 mini keçdiyi məlumdur. 2024-cü illə bağlı təkcə o açıqlanmışdı ki, ilk altı ay ərzində say 42 mindən çox olub. Bu yarımçıq statistika bizə ümumi sayın yalnız artdığını deməyə əsas verir.
2022-ci il ilə müqayisədə 2023-cü ildə sonsuzluqdan əziyyət çəkən qadınların sayının 20 faizdən çox artdığı bilinir. Adətən, bu haqda çox danışılmırdı. Əsas diqqət nikah və boşanma sayına yönəlirdi. Lakin ortada nə qədər məqam varmış!
Vəziyyət bütün hallarda pisliyə doğru dəyişir. Bu gedişlə gələcəkdə ölkə əhalisinin yalnız azalma tendensiyasını müşahidə edəcəyik.
Aytən, Bizimyol.info






