Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türkiyə ilə Azərbaycan qədim dövrdən bəri müxtəlif etnik qrupların və dinlərin yaşadığı coğrafiya olub"
"Türkiyə ilə Azərbaycan qədim dövrdən bəri müxtəlif etnik qrupların və dinlərin yaşadığı coğrafiya olub"

Varlıq olaraq insan müxtəlif etnik kökənlərə, dinlərə və inanclara mənsubdur. Dünyanın hər yerində yüzlərlə müxtəlif etnik qrup, millət, din və inanışların olduğunu görürük. Bu müxtəliflik təbiətdə də var. Gecə-gündüz, qaranlıq-aydınlıq, isti-soyuq, mənfi-müsbət... Bu misallarda hər şey bir-birinin ziddi kimi görünsə də, əslində bunlar bir-birini tamamlamaqdadır.

Qədim zamanlardan bəri insan hər dövrdə özü üçün bəzi dəyərlər əldə edib. Bu dəyərlər onun yaşaması üçün zəruri vasitələr idi. Min illər ərzində inanmaq, qorxularından qurtulmaq və mənəvi dünyasını zənginləşdirmək kimi ünsürlər insanın həyatını daha da asanlaşdırmağa xidmət edib. Bu min illər ərzində siyasət, hakimiyət, insanların bir-birlərini idarə etmək arzu və istəyi, öz inancını başqalarına diqtə etməsi kimi məsələlər də meydana gəlib. Nəticədə bir-birilərinə inandıqları üçün əzab, əziyyət edən dövrlər də yaşanıb. Böyük savaşlar və köç hadisələri baş verib.

Türkiyə Cümhuriyyəti Kırıkkale Dövlət Universitetinin İslami Elmlər fakültəsində Kəlam və Etiqadi İslam Məzhəbləri dosenti, professor Şahin Əhmədoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, istər Türkiyə, istərsə də Azərbaycan olsun qədim dövrdən bəri müxtəlif etnik qrupların və dinlərin yaşadığı coğrafiya olub.

Türkiyə Kırıkkale Universitetinin dosenti, professor Şahin Əhmədoğlu / Foto: Bizimyol.info Türkiyə Kırıkkale Universitetinin dosenti, professor Şahin Əhmədoğlu / Foto: Bizimyol.info

“Hər iki ölkədə Yəhudilik, Xristianlıq var olub və daha sonra İslam dini yayılıb. Yəhudilərin təzyiqə məruz qaldığı dövrlərdə Azərbaycana köçməsi tarixən bilinən məsələdir. Bunun əsas səbəbi də, Azərbaycanda müxtəlif etnik qrup və inanclara tolerant münasibətin olmasıdır. Nümunə olaraq, Qubada yaşayan Dağ yəhudiləri icmasını göstərmək olar. Vaxtilə bu qəsəbə “Qafqazın Yerusəlimi” kimi məşhur idi. İcma qəsəbədə rahat bir şəkildə yaşayır, öz adət və ənənələrini icra edir, burada tikilmiş olan üç sinaqoqda ibadətlərini yerini yetirirdilər”-deyən professor qeyd edib ki, Yəhudiliklə yanaşı, Azərbaycanda Xristianlıq və onun üç qolu olan Pravoslavlıq, Katoliklik və Protestantlıq mövcuddur. İlahiyyatçı bildirib ki, bu dinin mənsubları da öz inanclarını və buna bağlı olan dini rituallarını da müstəqil şəkildə yerinə yetirə bilirlər. Eyni zamanda Azərbaycanda müxtəlif din və konfessiyalara mənsub olanlar rəsmi şəkildə dövlət komitəsi tərəfindən qeydiyyata alınaraq fəaliyyətlərini davam etdirirlər.

Şahin Əhmədoğlu hesab edir ki, bu nümunələrin sayını çoxaltmaq mümkündür və bu da onu göstərir ki, Azərbaycanda müxtəlif inanclara mənsub olanlar etnik, dini mənsubiyyətindən asılı olmayaraq rahat bir şəkildə yaşamaqdadırlar.

İlahiyyatçı vurğulayıb ki, Azərbaycan əhalisinin böyük bir hissəsi İslam dininə inanır, müxtəlif məzhəb və təriqətlər fəaliyyətlərini azad bir şəkildə icra edirlər.

“2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi Azərbaycanın islam həmrəyliyinə verdiyi önəmin və dəstəyin göstəricilərindən biridir. Yenə bir başqa nümunə Azərbaycanda etnik, dini və irqi zəmində heç bir qarşıdurmanın, münaqişənin olmamasını xüsusilə vurğulamaq istərdim. Azərbaycanda etnik-mədəni müxtəlifliklərin düzgün tənzimlənməsinin digər mühüm göstəricisi kimi “Multikulturalizmin Azərbaycan modeli” və ya “Azərbaycan multikulturalizm modeli” terminlərinin elmi ədəbiyyatda geniş istifadə olunması bunun örnəklərindəndir. “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planında “Azərbaycan multikulturalizmi” dərsliyinin hazırlanıb nəşr etdirilməsi bu sahədə görülmüş vacib işlərdəndir”-deyə professor bildirib. İlahiyyatçının sözlərinə görə, bu mənada Azərbaycanda yaşanan təcrübə, Türkiyədən müsbət olaraq görüldüyünü söyləmək mümkündür.

Şahin Əhmədoğlunun fikrincə, son illər Türkiyə ilə Azərbaycan arasındakı sıx əməkdaşlıq, siyasi, mədəni əlaqələr ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə olduğu dövr sayılır və qarşılıqlı təcrübə mübadiləsi aparılması üçün münbit şərait formalaşıb.

“Biz insan olaraq müxtəlif etnik qruplara, dinlərə, inanclara sahibik. Əsas məsələ bu müxtəliflikləri ölkələrimizin zənginliyi olaraq görmək və bir-birimizə tolerant davranmaqdır. Hamı qanun qarşısında bərabər hüquqa sahib olmalıdır. Kimsə etnik və dini mənsubiyətinə görə təzyiqə məruz qalmamalıdır. Bunu etmək üçün hamı bir-birinə məhz insan olduğu üçün hörmətlə yanaşmalıdır. Kimsə öz inancını, əqidəsini başqasına diqtə etməməlidir. İstəyən hərkəsin istədiyi şeyə inanmaqda və ya inanmamaqda azad olduğu bilinməlidir. Hamı öz vicdanı qarşısında hesabat verməli olacaq, bunun bilincinə varılmalıdır. İnsanları bir inanca məcbur etmək onların haq və özgürlüklərinə birbaşa müdaxilə sayılır. Bu da yolverilməz bir davranışdır”-deyə Şahin Əhmədoğlu bildirib.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi.

Son xəbərlər
Bütün xəbərlər »