Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moldova "Rus Mədəniyyət Mərkəzi"ni bağladı: "Avropa ölkələri Rusiya ilə "siyasi" mübarizə aparır"
Moldova "Rus Mədəniyyət Mərkəzi"ni bağladı: "Avropa ölkələri Rusiya ilə "siyasi" mübarizə aparır"

Moldova, "Rus Mədəniyyət Mərkəzi"nin bağlanması barədə qərar verib. Moldova Xarici İşlər Nazirliyinin məlumatına görə, Rusiya pilotsuz təyyarələri tərəfindən Moldova Respublikasının hava məkanının yeni və ciddi şəkildə pozulmasından sonra Rusiyanın Kişinyovdakı diplomatik missiyasının rəhbərini təcili olaraq çağırıb. Görüşdə Moldova tərəfi bu yolverilməz pozuntulara öz qəti etirazını bildirib və belə hadisələrin Moldova Respublikasının milli təhlükəsizliyi və vətəndaşları üçün ciddi təhlükə olduğunu vurğulayıb. Rusiyalı diplomata məlumat verilib ki, bu cür hərəkətlər milli suverenliyin pozulmasıdır və Rusiya Federasiyasının növbəti qeyri-dost jestidir. Xarici İşlər Nazirliyi Rusiya hakimiyyətini bu müdaxilələri dərhal dayandırmağa və Moldova Respublikasının suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə ciddi şəkildə hörmət etməyə çağırıb. Bu çağırışlara cavab olaraq Xarici İşlər Nazirliyi 1998-ci ildə imzalanmış mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında Moldova-Rusiya Hökumətlərarası Sazişin birtərəfli qaydada ləğvi barədə qərar qəbul edib.

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Moldovanın haqlı olaraq Rusiyadan narazı bir ölkə olduğunu nəzərə almaq lazımdır.

Tural İsmayılov Tural İsmayılov

“Bu günə qədər Moldovanın beynəlxalq hüquqla tanınan ərazi bütövlüyü məsələsində Rusiyanın mövqeləri yenə həmişə olduğu kimi beynəlxalq hüquqdan yana olmayıb. Dnestryanı məsələsində Rusiya Moldovaya təzyiq imkanlarından daim istifadə etməyə çalışır. Eyni zamanda Qaqauziya məsələsində də yenə Rusiyaya bağlı olan media platformaları Moldovanın ərazi bütövlüyünü təhdid edən dezinformasiyalar və “feyknyuslar” yaymaqla məşğuldur. Bu baxımdan da Moldovanın Rusiya ilə siyasətində əlbəttə ki, narazılıqlar mövcuddur və Moldova heç bir halda Rusiyanın Moldovaya yanaşmasına, Moldovanın hüquqlarına hörmət bəsləməsinə ümid etmir. Moldova-Rusiya arasındakı gərginlik müxtəlif dövrlərdə müxtəlif məsələlərdə özünü büruzə verə bilər”-deyə politoloq qeyd edib.

“Moldovada "Rus Mədəniyyət Mərkəzi"nin bağlanması bir daha onu göstərir ki, Moldova doğrudan da Rusiya ilə münasibətlərində hansısa müsbət mənada və ya beynəlxalq hüququn təmin edilməsi istiqamətində, eyni zamanda Moldovanın ərazi bütövlüyünə sayğı çərçivəsində Rusiyanın xarici siyasətini dəyişəcəyinə ümid etmir. Əslində Moldova başa düşür ki, nə qədər daha yumşaq siyasət yürütsə də, nə qədər Rusiyaya yaşıl işıq yandırsa da Rusiyanın Moldovaya yanaşması, Dnestryanı məsələsindəki mövqeyinin müsbət istiqamətdə dəyişməsi və Qaqauziyaya müxtəlif hibrid müdaxilə cəhdlərindən əl çəkmək ehtimalları kifayət qədər aşağıdır. Onsuz da Moldova-Rusiya münasibətləri tarixin müxtəlif dövrlərində gərginləşib və bu gün faktiki digər Avropa ölkələri də Rusiyanın bu qəbuledilməz siyasətinə qarşı mübarizə aparmağa çalışırlar”-deyə Tural İsmayılov vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »