Avropa Komissiyası (AK) Avropa İttifaqında süni intellektə (AI) investisiya üçün 200 milyard avronun ayrılması təşəbbüsü ilə çıxış edir.
Bizimyol.info xəbər verir ki, AK mətbuat xidmətindən verilən məlumata görə, bu barədə Parisdə keçirilən süni intellekt sammitində çıxış edən Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib.
"Mən burada "AI-yə investisiya" (InvestAI) təşəbbüsünü elan etməkdən məmnunam. Biz Avropaya 200 milyard avro AI sərmayəsini səfərbər etməyi hədəfləyirik. Biz sənaye və missiya baxımından kritik tətbiqlərə diqqət yetiririk. Bu, etibarlı AI-nin inkişafı üçün dünyanın ən böyük dövlət-özəl tərəfdaşlığı olacaq", - deyə o qeyd edib.
Onun sözlərinə görə, bu vəsait Aİ-də süni intellekt üzrə gigafabrikaların yaradılmasına yönəldiləcək. "Bu böyük AI infrastrukturu ən mürəkkəb süni intellekt modellərinin açıq birgə inkişafını təmin etmək və Avropanı AI qitəsinə çevirmək üçün lazımdır. Tədqiqatçılar, sahibkarlar və investorlar burada güclərini birləşdirə biləcəklər. Dünyanın hər yerindən istedadlar qəbul olunur. Sənayelər əməkdaşlıq edə və məlumatlarını birləşdirə biləcəklər. Biz onlar üçün təhlükəsiz şərait yaradırıq. Çünki süni intellektin təkcə rəqabətə deyil, həm də əməkdaşlığa ehtiyacı var", - deyə o əlavə edib.
AK-nin bəyanatında deyildiyi kimi, "InvestAI" Aİ daxilində dörd gələcək süni intellekt gigafabrikasını maliyyələşdirəcək. "Yeni AI gigafabrika ən mürəkkəb, çox böyük AI modellərinin hazırlanmasında ixtisaslaşacaq. Bu cür yeni nəsil modellər tibb və ya elm kimi müəyyən sahələrdə irəliləyişlər üçün geniş hesablama infrastrukturu tələb edir. Gigafabrika təxminən 100.000 ən son nəsil AI çipinə sahib olacaq ki, bu da hazırda tikilən süni intellekt fabriklərindən təxminən dörd dəfə çoxdur", - deyə sənəddə qeyd olunur.
Qadir, Bizimyol.info






