Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində insan əli kimi işləyə biləcək robot əllər hazırlanır
Çində insan əli kimi işləyə biləcək robot əllər hazırlanır

Çin süni intellekt və robot texnologiyalarında növbəti böyük hədəfi – insan əlinin çevikliyini və dəqiqliyini təkrarlaya bilən robot əllərin hazırlanmasını qarşısına məqsəd qoyub.

Bizimyol.info xəbər verir ki, ölkədə fəaliyyət göstərən startaplar hesab edirlər ki, məhz bu texnologiya humanoid robotları nümayiş xarakterli layihələrdən gündəlik həyatda faydalı köməkçilərə çevirə bilər.

İnsan əli minlərlə sinir ucu, mürəkkəb quruluşu və incə hərəkət imkanları sayəsində robot texnologiyalarının ən çətin həll olunan problemlərindən biri hesab edilir. Ayaqqabı bağlamaq, köynəyin düyməsini düymələmək və ya yumurtanı sındırmadan kimi sadə görünən hərəkətlər robotlar üçün hələ də böyük çətinlik yaradır.

Çin hökuməti "bədənləşdirilmiş süni intellekt" (Embodied AI) istiqamətini strateji prioritet elan edib. Rəsmilər hesab edirlər ki, əhalinin qocalması və işçi qüvvəsinin azalması fonunda robotlar ölkə iqtisadiyyatının gələcək inkişafında mühüm rol oynayacaq.

Bu sahədə fəaliyyət göstərən "LinkerBot" və "Wuji Technology" kimi şirkətlər əsas diqqəti məhz robot əllərin hazırlanmasına yönəldiblər. "LinkerBot"un təsisçisi Cou Yonqun sözlərinə görə, robot əli hazırlamaq bütöv humanoid robot yaratmaqdan təxminən 100 dəfə çətindir. Şirkət hazırda ayda 5 min robot əl istehsal edir və bu göstəricini yaxın gələcəkdə iki dəfə artırmağı planlaşdırır.

Çinin güclü istehsal infrastrukturu və elektromobil sənayesinin inkişafı robotlar üçün lazım olan mühərriklər, batareyalar və digər komponentlərin daha sürətli və ucuz istehsalına imkan yaradır. Mütəxəssislər bildirirlər ki, əsas problem artıq avadanlıq deyil, robotların əllərini insan kimi idarə etməyi öyrədən proqram təminatıdır.

Bunun üçün şirkətlər xüsusi sensorlu əlcəklər və uzaqdan idarəetmə sistemləri vasitəsilə insanların hərəkətlərini və toxunma məlumatlarını toplayaraq süni intellekt modellərini öyrədirlər. Araşdırmaçılar hesab edirlər ki, bu məlumatlar olmadan robotların incə və dəqiq hərəkətləri mənimsəməsi mümkün deyil.

Çinli sahibkarlar inanırlar ki, bu texnologiyanın inkişafı gələcəkdə həm əl protezlərinin qiymətini kəskin şəkildə aşağı salacaq, həm də ev işlərini görə bilən ağıllı robotların kütləvi istehsalına yol açacaq. Onların fikrincə, məqsəd insan əməyini əvəz etmək deyil, insanların həyatını daha rahat və məhsuldar etməkdir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »