Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Asılılıq yaradan oyunlara pul xərcləyən insanlar iradəsini, pulunu və həyatını uduzur"
"Asılılıq yaradan oyunlara pul xərcləyən insanlar iradəsini, pulunu və həyatını uduzur"

Qumar aludəçiliyi qumardan patoloji asılılıqla özünü göstərən, mənfi sosial nəticələrə, ailə və peşə münasibətlərinin pozulmasına, maliyyə və qanunla bağlı problemlərə səbəb olan xəstəlikdir. Oyunlara  olan xəstə cazibə, psixi pozğunluqdur və buna qumar asılılığı və ya patoloji qumar da deyilir. Diaqnoz qoymaq üçün klinik meyarlar istifadə olunur. Qumar terapiyasına psixoterapiya, dərman müalicəsi və özünə kömək qrupu proqramları daxildir.

Böyüklər arasında qumar asılılığının yayılması təxminən 1,6, yeniyetmələr və gənclər arasında - 5,77 faizə qədərdir.

Xəstəlik 20-40 yaşlı kişilərə təsir göstərir, çox vaxt alkoqol asılılığı ilə birlikdə olur. Qadınlar arasında əhval-ruhiyyə pozğunluğu və depressiyadan əziyyət çəkən yaşlı boşanmış qadınlar üstünlük təşkil edir.

Azərbaycanda da kifayət qədər qumar oyunlarının aludəçiləri olan gənclər var. Bəzən bu aludəçilik həzin sonluqla nəticələnir…

Kliniki psixoloq Ramin Hacıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu problemdən əziyyət çəkən pasiyentlərdən müraciət qəbul edir.

Ramin Hacıyev Ramin Hacıyev

“Onlarda asılılıq var. Çünki bilirsiniz ki, onlar hər zaman uduzmur. Əvvəl elə bir alqoritm var ki, onlar ilkin qatlarında udur. Həm də sizə deyim ki, yaxşı məbləğlər udur. Burada söhbət 2-3 rəqəmdən yox, bəzən daha çox rəqəmdən söhbət gedir. Bu zaman beyin bu mərhələdə müsbət emosiyalar alır və insan özünü qəhrəman kimi hiss edir. Onda müəyyən hormonlar ifraz olunur, endorfin və testosteron qalxır. Şəxs, sözün əsl mənasında qəhrəman kimi hiss edir. Yəni həyatda realizə edə bilmədiyi şeyləri orada realizə edirsə bu onun psixikasında müsbət bir ab-hava, aura yaradır.”-deyən psixoloq bildirib ki, heç kim öncədən onun digər asılılıq tərəfini bilmir.

Ramin Hacıyev qeyd edib ki, bu asılılıq narkotik asılılığına bənzər bir haldır. Pasiyentlərin davranışlarında eyni hal müşahidə edilir. Yəni əvvəlcədən özünü qəhrəman kimi rahat hiss edir və bu oyunlara müraciət edir. Sonra bilirlər ki, bu oyunlar onları uçuruma aparır, amma dayana bilmirlər.

Psixoloq vurğulayıb ki, oyun asılılığının da müalicəsi var, amma narkotik asılılığı kimi müalicəsi uzun uzadı olur və elə də asan olmur. Çünki müalicə əsnasında bir neçə fərqli metodlardan istifadə olunmalıdır.

“Dünya praktikasında "kodlaşdırma" deyilən bir vəziyyət var. Bəzən ondan da istifadə olunur. Amma müalicənin uğurlu və ya uğursuz olması fərdi haldır. Bəzi insanlarda çox yaxşı nəticə verir, bəzi insanlarda ümumən heç bir təsiri olmur. Ona görə hər bir şeyi nəzərə alaraq, həmin asılılıqdan əziyyət çəkən insana fərdi yanaşma lazımdır”-deyə Ramin Hacıyev bildirib.

Psixoloqun sözlərinə görə, böyük məbləğlər uduzanda və o eyforiya hissi keçəndən sonra şəxs reallığa qayıdır. Həmin an dərk edir ki, o, bu məsələnin arxasında artıq dayana bilmir. Bu zaman etdiyi o məsuliyyətsizliyin nəticəsində özünə yeganə çıxış yolu kimi intiharı görür.

“Bu oyunlara qatılan və pul xərcləyən insanların yaxınları, valideyni, həyat yoldaşı ayıq-sayıq olmalıdır. Bu asılılıq birdən-birə baş vermir. Şəxs oyunlara əvvəlcə kiçik miqdarda pul qoyur. Belə şəxslər kimdənsə borc almağa meylli olur. Borc almaq sonra daha böyük məbləğli maddi yükə çevrilə bilir. Bu da bir növ siqnaldır ki, həmin adamın reallığında belə hallara yer var. Ona görə ətrafda olan insanlar bununl bağlı lazımi dəstəyi vaxtında göstərsələr, (burada söhbət psixoloji müalicədən gedir) bəlkə də bu kimi xoşagəlməz hallardan həmin adamı qurtarmaq mümkün ola bilər”-deyə Ramin Hacıyev əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »