Bu gün Türkiyənin Azərbaycandakı Səfirliyinin Bakı nümayəndəliyində Kommunikasiyalar üzrə müşaviri Dr. Alptekin Cihangir İşbilir Bizimyol.info xəbər portalının rəhbərlik nümayəndələrini qəbul edib.
Görüş çərçivəsində səfirlik müşaviri ilə portalımızın nümayəndələri arasında Türkiyə-Azərbaycan arasında siyasət və media istiqamətində münasibətlər, ölkə vətəndaşlarının turizm-mədəniyyət üzrə informasiya bazası məsələsi müzakirə edilib. Həmçinin Azərbaycan mediasında Türkiyə-Azərbaycan münasibətlərində gerçəkləşən yeniliklərin işıqladırılması, Türkiyənin şəhərlərinin daha ətraflı tanıdılması məqsədilə səfərlərin təşkili və digər mövzulardan danışılıb.
Dr. Alptekin Cihangir İşbilir Bizimyol.info xəbər portalının veb saytı və sosial şəbəkə hesablarındakı fəaliyyəti ilə maraqlanıb, qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu dilə gətirib.
Bizimyol.info xəbər portalının baş redaktoru Orxan Musabəyli media qurumu haqqında ətraflı məlumat verib və qeyd edib ki, hazırda xəbər portalı kimi fəaliyyət göstərən qurum qəzet dönəmindən etibarən hadisələrin analizi, araşdırılması, siyasi-iqtisadi təhlili və bu qəbildən məlumatların hazırlanması istiqamətində peşəkar fəaliyyətini davam etdirir. Baş redaktor bildirib ki, “biz hadisəni deyil, onun səbəbləri, proaktiv işləri və reaktiv həlləri haqqında araşdırma aparırıq, bu istiqamətdə oxucularımızı yazılı-görüntülü materiallarla məlumatlandırırıq”.
İradə Cəlil, Bizimyol.info






