Planetimizin peyki olan Ayın səthində demək olar ki, hər yerdə su izləri göründü.
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, kosmosda həyat axtardığımız ilk şeylərdən biri sudur.
Susuz yaşamağımız mümkün olmadığı üçün ya artıq suyu olan, ya da su əldə etmək mümkün olan hədəfləri seçirik. Təəccüblüdür ki, insanların Yerdən sonra daimi yaşaya biləcəyi ilk göy cismi Ay ola bilər.
Aydakı strukturların mineralogiya xəritələri tədqiq edildikdə, günəş işığına ən çox məruz qalan bölgələr də daxil olmaqla, peykimizin səthinin hər yerində su və hidroksil (bir hidrogen və bir oksigendən ibarət struktur) aşkar edilib.
Ay həyat üçün mühüm rol oynaya bilər
Bu kəşfin birdən çox mənası var. İlk növbədə, bu strukturların mövcudluğu Ayın geoloji tarixini və gedən geoloji proseslərini daha asan başa düşməyə imkan verəcək. Beləliklə, bu vəziyyət gələcək insanlı missiyalarda nəzərə alınacaq.
"Gələcək astronavtlar bu zəngin su ehtiyatlarından demək olar ki, hətta (Ayın) ekvatorial bölgəsində də istifadə edə biləcəklər", - deyə Planet Elmləri İnstitutundan Rocer Klark bildirib. Keçmişdə belə hesab edilirdi ki, Ayda suyun ancaq qütb bölgələrində, xüsusən də işığı az olan kraterlərdə ola bilər. Eyni şəkildə, Ay bazalarının qütb bölgələrinə yaxın qurulması planlaşdırılırdı.
Təbii ki, ayın səthində maye su yoxdur, yəni peykimizin səthində nə çay, nə göl, nə də gölməçələr var.
Digər tərəfdən, səma cisminin içərisində böyük miqdarda suyun tutulduğu bildirilir. Yəni gələcəkdə bu suyun ayrılmasını təmin edəcək sistemlər gələcək tədqiqatlarda mühüm rol oynayacaq.
Tədqiqatda istifadə olunan məlumatlar "Chandrayaan-1" kosmik gəmisinin M3 (Ay Mineralogiya Xəritəçəkməçisi) cihazı ilə toplanıb. Komanda həmçinin qeyd edib ki, su strukturları Ayda xüsusi süxurlar əmələ gətirir. Tədqiqat "The Planetary Science Journal"da dərc olunub.
Qadir, Bizimyol.info






