1972-ci ildə hamilə qadından qan nümunəsi götürüləndə həkimlər onun o zamanlar bilinən bütün qırmızı qan hüceyrələrində aşkar edilmiş səth molekulunun olmadığını fərq etdilər. İngiltərə alimləri 50 illik araşdırmalardan sonra bu qəribə molekulyar çatışmazlıq sayəsində insanlarda yeni qan qrupu sistemini müəyyən edə biliblər.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, İngiltərə Milli Səhiyyə Xidmətinin hematoloqu Louise Tilley bu uğura təxminən 20 illik araşdırmadan sonra nail olduqlarını bildirib: "Nəhayət, bu yeni qan qrupu sisteminin tətbiqi nadir, lakin vacib xəstələrə ən yaxşı qayğı göstərmək üçün böyük bir nailiyyətdir", - deyə o qeyd edib.
Hamımıza tanış olan "ABO" qan qrupu sisteminə və "Rh" faktoruna (müsbət və ya mənfi olaraq bilinən) əlavə olaraq, insanlar qan hüceyrələrini əhatə edən zülal və şəkərlərin müxtəlifliyi səbəbindən bir çox fərqli qan qrupu sistemlərinə malikdirlər.
Bədənimiz zərərli maddələri tanımaq və parçalamaq üçün bu antigen molekullarından istifadə edir. Qanköçürmə zamanı bu antigenlərin uyğunsuzluğu ciddi reaksiyalara və hətta ölümcül nəticələrə səbəb ola bilər.
Əsas qan qrupu sistemləri 20-ci əsrin əvvəllərində aşkar edilib. Ancaq 2022-ci ildə müəyyən edilən "Er" qan sistemi kimi son illərdə kəşf edilən qan qrupları yalnız az sayda insanda rast gəlinir. Yeni kəşf edilən "MAL" qan qrupu bu nadir sistemlərdən biridir.
Tilley və komandası 1972-ci ildə itkin "AnWj" antigeninin hamilə xəstənin qanının 99,9 faizində olduğunu aşkar etdilər. Bu antigen miyelin və limfosit zülallarında olduğu üçün tədqiqatçılar yeni kəşf edilən sistemi "MAL" qan qrupu adlandırıblar.
"MAL" genlərinin hər iki nüsxəsində mutasiyaları olan şəxslər "AnWj"mənfi qan qrupuna malikdirlər.
Bu, hamilə xəstədə müşahidə edilən vəziyyətə bənzəyir. Tədqiqat qrupu bu nadir qan qrupu olan daha üç xəstəni müəyyən edib, lakin bu xəstələrdə heç bir mutasiya müşahidə edilməyib. Bu onu göstərir ki, bəzən qan xəstəlikləri də antigenin bastırılmasına səbəb ola bilər.
"MAL" zülalı hüceyrə membranlarının sabitliyini və hüceyrədaxili nəqliyyatın saxlanmasında mühüm rol oynayır. Əvvəlki tədqiqatlar göstərdi ki, "AnWj" antigeni doğuş zamanı mövcud deyil, doğuşdan qısa müddət sonra ortaya çıxır. Tədqiqata daxil edilən "AnWj"mənfi xəstələr eyni mutasiyanı paylaşsalar da, onların hər hansı digər hüceyrə anomaliyaları və ya xəstəlikləri ilə əlaqəsi yox idi.
Artıq bu genetik markerlər müəyyən edildikdən sonra xəstələrin mənfi "MAL" qan qrupunun irsi, yoxsa supressiyaya görə olub-olmadığını yoxlamaq mümkün olacaq. Bu, bəzən başqa bir əsas tibbi problemin əlaməti ola bilər. Bu nadir qan qrupu xüsusiyyətləri xəstələrə dağıdıcı təsir göstərə bilər. Ancaq belə vəziyyətləri başa düşmək daha çox insanın həyatını xilas etmək üçün kritik bir addım olacaq.
Araşdırmanın nəticələri "Blood" jurnalında dərc olunub.
Qadir, Bizimyol.info






