“Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Efiopiya, Misir və İran hal-hazırda “BRICS”-in üzvüdür. Artıq bir çox ölkələr bu ittifaqa qoşulmaq istəyir, bununla bağlı müraciət ediblər. O cümlədən, Türkiyə və Azərbaycan da “BRICS”-ə üzv olmaq üçün müraciət edib. Bu ilin oktyabrında Kazanda “BRICS”-in sammiti keçiriləcək. Hazırda “BRICS”-ə Rusiya sədrlik edir. Burada bir çox məsələlərə baxılacaq”.
Bu barədə Bizimyol.info xəbər portalına danışan politoloq Elşad Həsənov bildirib ki, təşkilatın qarşısına qoyduğu məqsəd bu ölkələr arasında ödəniş sisteminin dollara və digər xarici valyutaya alternativin tətbiqidir. Hazırda xarici valyutadan asılılığı azaltmaq və bu ölkələr arasında vahid ödəniş sistemi üzərində iş gedir.
Elşad Həsənov
Türkiyə “BRICS”-ə niyə qoşulmaq istəyir?
Politoloq bildirib ki, Türkiyə böyük iqtisadi gücə malik ölkədir və burada bu ölkələri birləşdirən iqtisadi maraqlardır: “İqtisadi maraqlar güclənəndən sonra bu ölkələr arasında siyasi və hərbi maraqlar da baş qaldıracaq.
Türkiyədə “BRICS”-ə ona görə üzv olmaq istəyir ki, istehsal etdiyi malları bu ölkələrdə satsın, bu ölkələrə ixrac etsin və bu ölkələrlə qarşılıqlı təmaslar qursun. Bildiyimiz kimi Türkiyə 1999-cu ildən Avropa İttifaqına tam üzvlüyünə namizəd kimi rəsmən tanınsa da, ancaq indiyə qədər namizəd olaraq qalır, onu üzv qəbul etmirlər. Bu da Avropa İttifaqının xristian təşkilatı olduğunu bir daha əyani olaraq sübut edir.
Türkiyə çox böyük vektorlu xarici siyasətinin imkanlarını genişləndirmək istəyir. Türkiyə, Avropa və Asiyanın qonşuluğunda yerləşir. Bura geostrateji bir yerdir. Türkiyə NATO-nun üzvüdür. İndi “BRICS”-ə üzv olarsa, onun iqtisadi imkanları daha da artacağını düşünürlər.
Azərbaycan da bu təşkilata üzv olmaq üçün müraciət edib. Ancaq tez bir zamanda Azərbaycan və Türkiyənin üzv qəbul edilməsi mümkün deyil. “BRICS”-ə üzv olmağın da müəyyən şərtləri var. Bizim müraciətlərimizə oktyabrda baxacaqlar və prosedur qaydalarına uyğun iş aparılacaq. Burada əsasən iqtisadi maraqlar öndə durur və gələcəkdə bu təşkilat kollektiv Qərbə qarşı bir növ "sipər" olacaq. Rusiya da burda aparıcı söz sahiblərindən biri olacaq”-deyə politoloq bildirib.
İradə Cəlil, Bizimyol.info






