ABŞ Müdafiə Nazirliyi tərəfindən 10 sentyabr 2024-cü il tarixində Cənubi Kipr Rum Administrasiyası (CKRA) ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli müdafiə əməkdaşlığına əsaslanan yol xəritəsinin imzalandığı açıqlandı. Şimaki Kipr Türk Respublikası tərəfindən verlən məlumatda bildirilir ki, ABŞ-ın son zamanlar Yunanıstan tərəfinə verdiyi artan dəstəyin ən son nümunəsi olan bu saziş iki tərəf arasında əsas təhlükəsizlik problemləri ilə bağlı edilə biləcək əməkdaşlıq elementlərini əhatə edir. Sözügedən yol xəritəsinin ən diqqət çəkən elementi hər iki tərəfin hərbi qüvvələri arasında qarşılıqlı fəaliyyətin artmasıdır.
Siyasi şərhçi Nazim Cəfərsoy Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ-la Cənubi Kipr-Rum administrasiyası arasındakı hərbi əməkdaşlıq bir neçə ildir ki, inkişaf edən bir əməkdaşlıqdır: “İlk dəfə bu məsələ 2019-cu ildə ABŞ konqresində gündəmə gəlmişdi. Xüsusən, Şərqi Aralıq dənizində proseslər çərçivəsində və enerji prosesləri çərçivəsində gündəmə gəlmiş bir məsələdir. 2020-ci ildə ABŞ Müdafiə Nazirliyi 1987-ci ildən etibarən Cənubi Kipr-Rum administrasiyasına tətbiq edilən silah anbarını ortadan qaldırdı. Bu məsələ 2021-ci ildə də davam etdi. Ard-arda bu proses davam etdi. 2023-cü ildə bir il, 2024-cü il üçün də bir il uzadıldı. İndi də Cənubi Kipr ilə ABŞ arasında hərbi əməkdaşlıq müdafiə sahəsində hərbi əməkdaşlıq məsələsi gündəmdədir və artıq rəsmiləşib”.
Nazim Cəfərsoy“Son 10 ildə, xüsusilə də Suriya böhranı çərçivəsində Rusiyanın ümumilikdə Aralıq dənizində və Şərqi Aralıq bölgəsində fəallaşdığı müşahidə edilib. Suriyada hərbi bazanın genişləndirilməsi, Rusiyanın hərbçilərinin Suriyaya yerləşdirilməsi Aralıq dənizində oranın mövqeyinini, Rusiyanın mövqeyini gücləndirib. Bu proses ABŞ-ın ciddi narahat olduğu məsələlərdən biridir. Bu kontekstdə Cənubi Kipr bir hərbi baza kimi coğrafi mövqeyi etibarilə ABŞ-ın maraqlarına ciddi şəkildə faydalı bir baza və ya faydalı bir ölkə kimi önə çıxır”-deyən Nazim Cəfərsoy bildirib ki, ABŞ-la Cənubi Kipr-Rum administrasiyası arasında fəallığın birinci səbəbi budur.
İkinci səbəbə gəldikdə, politoloq qeyd edib ki, Cənubi Kiprin özü rusların maliyyə sektoru başda olmaqla, ciddi təsir imkanlarının olduğu, çirkli pulların yuyulduğu və Rusiyanın faktiki örtülü bir bölgə kimi təsir dairəsini artırdığı bölgədir: “Cənubi Kipr ilə əməkdaşlığın dərinləşdirilməsi bu kontekstdə də ABŞ-ın Rusiyanın Cənubi Kiprdəki təsir imkanlarını azaltmağa cəhdlərinin bir parçasıdır”.
Nazim Cəfərsoy hesab edir ki, ikinci səbəb budur.
“Son bir neçə ildir ki, Aralıq dənizinin Şərq hissəsində enerji mənbələri kəşf edilməyə başlayıb. Bu istiqamətdə Türkiyənin, Cənubi Kiprin özünün, hətta İsrailin və müxtəlif ölkələrin bu bölgəyə marağı artıb. Enerji faktoru və bölgəyə yönəlik geosiyasi maraqların güclənməsi, ABŞ-ın bölgəyə marağını artırmağa və bu kontekstdə Cənubi Kipr-Rum adminstrasiyası ilə əməkdaşlığı dərinləşdirməkdir. Üçüncü məqam da bunu saya bilərik”-deyən Nazim Cəfərsoy qeyd edib ki, məsələnin bu günlərdə gündəmə gəlməsi ABŞ-ın seçki ərəfəsində olmasıdır.
“ABŞ-da seçki ərəfəsində diasporlar, lobbilərin fəaliyyətləri, təsir imkanları daha da artır. Hal-hazırda burada rum-yunan lobbisinin fəallağının artdığını görürük. Bu da seçkilərdə uğur qazanmaq istəyən demokrat administrasiyasının, Bayden administrasiyasının bir növ yunan-rum lobbisinə bir göz qırpması olaraq qiymətləndirilə bilər. Bu da dördüncü məqamdır”-deyən Nazim Cəfərsoy hesab edir ki, son dövrlər Türkiyə-ABŞ münasibətlərində getdikcə artan böhranlar və gərginliklər var.
“Bu gərginliklər ABŞ-ı Türkiyə ilə münasibətləri daha balanslı hala gətirməyə, Türkiyəyə yönəlik daha manevr imkanları əldə etmək və Türkiyənin Ege dənizində və ya Aralıq dənizindəki imkanlarını məhdudlaşdırmaq üçün Türkiyəyə rəqib olan ölkələrlə, bu çərçivədə və ya Türkiyəyə balanslaşdırmaq baxımından Yunanıstanla və Cənubi Kipr administrasiyası ilə münasibətləri dərinləşdirməyə sövq edir. Bu da özünü xüsusən hərbi sahədə göstərir. Məsələn; Yunanıstanda son bir neçə ildə ABŞ bazalarının sayı 4-dən 9-a qədər artıb. Yəni bu çərçivədə Cənubi Kiprdəki əməkdaşlıq da Türkiyə ilə balanslaşdırmaq və Türkiyə ilə ABŞ münasibətlərində ABŞ-ın əlini daha da güclü olmasını təmin etmək mahiyyəti də daşıyır. Son dövrlər Türkiyə ilə bağlı bölgədə ciddi şəkildə müəyyən fəallaşmalar baş verib. Türk hərbi sənayesi, Türkiyə gəmi sənayesi bu bölgədə yeni-yeni silahlar, yeni-yeni gəmilər suya endirməkdədir. “Bayraqdar”la dəstəkləmiş bu gəmilərin bölgədə Türkiyənin gücünü artıracağı deyilir. Yunan-rum lobbisi də Türkiyəni balanslaşdırmaq üçün bu proseslərdə ABŞ-ın dəstəyindən istifadə etməyə, ABŞ-ı özünə çəkməyə çalışır. Həm seçkilər, həm Türkiyə ABŞ münasibətlərində olan gərginliklər, həm Rusiya faktoru, həm başqa faktorlar da ABŞ-ı bu bölgədə Cənubi Kipr Rum administrasiyası ilə əməkdaşlığa sövq edən səbəblər arasında sayıla bilər”-deyən politoloqun fikrincə, bu məsələlərin birbaşa Şimali Kipr Türk Cümhuriyyəti və Türkiyəyə neqativ təsirləri var. Çünki Cənubi Kipr Rum kəsimi, ümumiyyətlə Şimali Kipr Türk Cümhuriyyətini bir dövlət olaraq qəbul etmir. O bölgəni “Türkiyə tərəfindən işğal edilmiş bölgə” kimi görür. Bu çərçivədə həm Yunanıstandan, həm Avropa Birliyi ilə birlikdə bu proseslərdə Türkiyəni küncə sıxışdırmaq və Şimali Kipr Türk Cümhuriyyətinin varlığını sonlandırmaq istiqamətində siyasi diplomatik təzyiqlər etməyə çalışır.
Nazim Cəfərsoy qeyd edib ki, Cənubi Kipr Rum Adminsitrasiyası əvvəlcə bu prosesdə Yunanıstanla bərabər hərəkət etdilər, sonra Avropa Birliyinə girdi. Hazırda türk əleyhdarları proseslərində Avropa Birliyinin dəstəyini alıb. Son proseslər müxtəlif geosiyasi faktorları istifadə edərək, ABŞ-ın da dəstəyini almaq istiqamətində irəlilədiyini göstərir.
“Qlobal güc olan Amerikanın rum tezislərini qəbul etməsi yönündəki bu addımları həm Türkiyə üçün, həm də Şimali Kipr Türk Cümhuriyyəti üçün ciddi narahatlıq doğuran, siyasi məqamlardır. Eyni zamanda ABŞ-ın sadəcə özü deyil, həm də bu məsələ üzrə maraq göstərəcək ölkələrə də təzyiq edərək, Şimali Kipr Türk Cümhuriyyəti və Türkiyənin Şimali Kipr Türk Cümhuriyyəti ilə münasibətlərini sabotaj edən müxtəlif riskləri də bərabərində gətirib. Amerikan hərbi gücünün bölgəyə müxtəlif məqamlarla gəlməsi, Cənubi Kiprdə hərbi baza qurmasını planlaşdırdığı da bir neçə ildir yazılır, pozulur. Daxilində Amerikanın hərbi bazası olan ölkənin Türkiyəyə və Şimali Kipr Türk Cümhuriyyətinə qarşı daha problemli və daha gərgin siyasəti izləyəcəyini düşünmək olar”-deyə ekspert bildirib.
İradə Cəlil, Bizimyol.info






