Yunanıstanda quraqlıq səbəbindən Mornos bəndində suyun səviyyəsinin aşağı düşməsi 40 il əvvəl su altında qalan Kallio kəndinin xarabalıqlarını üzə çıxarıb.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, on illərdir su altında qalan Yunanıstanın Kallio kəndinin xarabalıqları rekord temperaturlara görə bənd suyunun çəkilməsindən sonra yenidən üzə çıxıb.
Paytaxt Afinanı su ilə təmin edən Mornos bəndinin tikintisi üçün Kallio kəndinin sakinləri 40 il əvvəl evlərini tərk etməli olublar. Lakin son aylardakı quraqlıq bənddəki suyun səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə səbəb olub, kənddəki evlərin və məktəbin xarabalıqlarını üzə çıxarıb.
Yorgos İosifidis, Kallionun keçmiş sakinlərindən biri: “Atamın ikimərtəbəli evinin birinci mərtəbəsini və düz yanında əmioğlularımın evinin qalıqlarını görə bildik. Kənddə təxminən 80 ev, kilsə və məktəb var idi”, - deyə hisslərini mətbuata söyləyib.
Yunanıstan bu il tarixinin ən isti iyun və iyul aylarını yaşaması nəticəsində Mornos bəndində suyun səviyyəsi 30 faiz azalıb. Paytaxt Afinanı qidalandıran digər bəndlərdə də əhəmiyyətli azalmalar qeydə alınıb.
Yunanıstan hakimiyyəti bölgədəki 3,7 milyon insanı suya qənaət etməyə çağırıb. Baş nazir Kiriakos Mitsotakis su ehtiyatlarının qorunmasının vacibliyini vurğulayıb: “Bizim suyun az olacağını bildiyimiz bir vaxtda suyu israf etmək lüksümüz yoxdur”, - deyib.
Qadir, Bizimyol.info






