Türkiyənin "Botaş" dövlət şirkəti Shell ilə illik 4 milyard kubmetr mayeləşdirilmiş təbii qazın (LNG) alınması üçün uzunmüddətli müqavilə imzalayıb. Şirkətdən verilən açıqlamaya görə, tədarüklər 2027-ci ildə başlayacaq və müqavilə müddəti göstərilməyib. “Financial Times” qəzeti imzalanmada iştirak edən energetika naziri Alparslan Bayraktara istinad edərək müqavilə müddətinin 10 il olduğunu və Shell-in 2027-ci ildən etibarən təxminən 2,9 milyon ton (4 milyard kubmetr) tədarük edəcəyini yazır. Hər il LNG Türkiyə dövlətinə ötürülür. Bu, 2023-cü ildə ölkənin ümumi qaz istehlakının təxminən 8 faizinə uyğundur. Müqavilə həm də LNG-nin Türkiyə xaricindəki Avropa terminallarına göndərilməsinə icazə verir.
Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türkiyə təbii qaz və neftin qərbə, yəni Avropaya daşınmasında yol ayrıcı və ya körpü ölkəsidir. Başqa sözlə, enerji xətləri üzrə ən strateji ölkədir. Digər tərəfdən, Türkiyənin ticarət əlaqələrinin təxminən 50 %-i Qərb ölkələri ilə bağlıdır. Bundan əlavə, Cümhuriyyət yaranandan Qərb sivilizasiyasını mənimsəmiş bir ölkədir. Hətta Cümhuriyyətdən əvvəlki Osmanlı İmperiyasının siyasətləri də bu istiqamətdə idi.
Kərəm Qarabulud“Qərblə bu münasibətdə olan Türkiyənin Shell ilə 10 illik müqavilə imzalaması təbiidir. Əhəmiyyətli olan nüans, müqavilədə Türkiyənin milli və iqtisadi maraqlarının qorunmasıdır. Nə qədər ki, buna nail olunub, edilən razılaşmalar məqsədə uyğundur. “Botaş”-ın “Shell” ilə etdiyi razılaşma da bu kontekstdə qiymətləndirilməlidir. Qərb dövlətlərinə anlaşmada transferlər olacaq ki, bu da Türkiyənin strateji yerləşməsinin və Qərblə Asiya arasında körpü olmasının nəticəsidir”.
Kərəm Qarabulud vurğulayıb ki, Financial Times-ın məlumatına görə, Türkiyəyə ötürülən LNG ümumi istehlakın təxminən 8 %-nə bərabərdir ki, bu da çox əhəmiyyətli bir nisbətdir.
“Bu da həm Türkiyənin 85 milyonluq böyük bir bazar olmasının, həm də müqavilənin əhəmiyyətinin nəticəsidir”-deyə Kərəm Qarabulud əlavə edib.
İradə Cəlil, Bizimyol.info






