“GastroAntep Mədəniyyət Yolu Festivalı” çərçivəsində 500 usta 2,5 kilometr uzunluğunda "dünyanın ən uzun kababı"nı hazırlayaraq rekorda cəhd edəcək.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Böyükşəhər Bələdiyyəsindən verilən açıqlamaya görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək “GastroAntep Mədəniyyət Yolu Festivalı” şəhərin mətbəx mədəniyyətini təbliğ etməklə yanaşı, mədəniyyət və incəsənət tədbirlərinə də ev sahibliyi edəcək.
Bu il 14-22 sentyabr tarixlərində “Sağlam həyat və qastronomiya iqtisadiyyatı” mövzusunda keçiriləcək festivalda dünya şöhrətli 9 aşpazın iştirakı ilə seminarlar təşkil olunacaq.
Tədbir zamanı iştirakçılar seminarlar vasitəsilə müxtəlif kulinariya texnikalarını və yaradıcı yanaşmaları öyrənmək imkanı əldə edəcəklər.
Festivalın ilk günündə 500 kabab ustası “Ginnesin Rekordlar Kitabı” çərçivəsində 2 min 47 metr olan “dünyanın ən uzun kababı” rekordunu qırmaq üçün 2,5 kilometr uzunluğunda kabab hazırlayacaq.
Bundan başqa, Emir Can İğrek, Simge, Bengü, Gökhan Türkmen, Murat Boz, Haluk Levent, Buray, Berkay və Dedublüman kimi sənətçilər səhnəyə çıxaraq sənətsevərlərlə görüşəcək, müxtəlif sərgilər açılacaq, teatr tamaşaları, opera və balet tamaşaları nümayiş olunacaq.
Qadir, Bizimyol.info






