Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sülhə dəvət etdiyimiz Ermənistan ABŞ-la hərbi təlim keçirir, Fransa və Hindistandan silah alır"
"Sülhə dəvət etdiyimiz Ermənistan ABŞ-la hərbi təlim keçirir, Fransa və Hindistandan silah alır"

Avropa İttifaqı (Aİ) noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Azərbaycan hakimiyyətini Ermənistanla sülh sazişi imzalamağa çağırır. Bu barədə Brüsselin "EUobserver" portalı Avropa Komissiyasına (AK) istinadən məlumat yayıb.

"Davamlı və möhkəm sülhə doğru qətiyyətli addımlar atmağın vaxtıdır. Azərbaycan, COP29-un verəcəyi impulsdan istifadə edərək, Ermənistanla sülh sazişi imzalamalıdır", - nəşr AK nümayəndəsinin sözlərini sitat gətirir.

Müharibədə qazandığımız qələbədən 4 il keçməsinə baxmayaraq, mövqelərimiz hələ də atəşə tutulur. Hansı sülhdən danışırıq?

Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son dövrlər həm Amerika, həm də Avropa İttifaqının nümayəndələri tez-tez "Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmalıdır və dayanıqlı möhkəm sülhün bağlanması üçün qətiyyətli addımlar atılmalıdır" deyirlər.

Politoloq Elşad Həsənov Elşad Həsənov

“Bunu biz artıq 4 ildir ki, deyirik. Ancaq sülh müqaviləsi hələ də bağlanmayıb. Çox məsələlər həll olunub, danışılıb. Müəyyən məsələlər hələ də həll olunmamış formada qalıb. Xüsusilə də, Azərbaycanın irəli sürdüyü Ermənistanın Konstitusiyasının memorandumunda Azərbaycana qarşı torpaq iddialarına olan maddənin götürülməsi və təbii ki, ikitərəfli sazişdə Azərbaycanı Naxçıvanla birləşdirən yolun dəhlizin açılması, yəni Zəngəzur dəhlizinin açılması məsələləri hələdə qalıb”-deyən politoloq qeyd edib ki, bu günlərdə Azərbaycana səfər edən Rusiya Federasiyasının rəhbəri Vladimir Putin də Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasının vacib olduğunu bildirdi və bu məsələdə Rusiyanın dəstək olacağını söylədi. Eyni zamanda Lavrov öz çıxışında göstərdi ki, 2020-ci ilin noyabrında imzalanan 3 tərəfli bəyannamənin 10-cu bəndə əks davranış olaraq, məhz Zəngəzur dəhlizinin və kommunikasiyaların açılmaması Ermənistanın bu məsələdə yanlış istiqamətə getməsini göstərir.

“Lavrov bildirdi ki, “biz də bu sazişin tam yerinə yetirilməsini istəyirik, maraqlıyıq”. Biz ərazi bütövlüyümüzü təmin etmişik artıq. Torpaqlarımızda quruculuq işləri aparırıq, evlər, məktəblər və uşaq bağçaları tikirik. Vətəndaşlarımız öz torpaqlarına qayıdır. Təbii ki, biz sülh müqaviləsinin bağlanmasını istəyirik. Ancaq təəssüf ki, Ermənistan son dövrlər silahlanmağa daha çox meyllənib. Hazırda Hindistandan, Fransadan silahlar alır. Eyni zamanda Zəngəzur dəhlizinin yaxınlığında Ermənistanda Amerika Birləşmiş Ştatları hərbçiləri gələrək, orada qurğular qururlar. Bütün bunlar isə, nəzərdə tutulan müqavilənin bağlanmasını uzadır, yubandırır. Amerika və Avropa İttifaqı sözdə sülh müqaviləsinin bağlanmasını istəsə də, Avropa İttifaqının üzvü olan Fransa Ermənistanı silahlandırır. Amerika deyir ki, “sülh müqavilləsi bağlansın”, digər tərəfdən Ermənistanda erməni hərbçiləri ilə birgə hərbi təlimlər keçirlər. Ermənistan hərbçiləri ABŞ-a gedib onların hərbi strukturunu öyrənirlər və akademiyasında treninqlər keçirirlər”-deyən politoloqun fikrincə, sülh müqaviləsinin imzalanmasına maneçilik törədən bir çox məsələlər var.

“Ermənistan rəhbərliyi də neçə dəfə bəyanat verərək bildirdi ki, “biz sülh müqaviləsini ən geci 2 həftəyə imzalamağa hazırıq”. Ancaq təbii ki, biz deyirik ki, onun bağlanması üçün maneələr var, o maneələr aradan götürülməlidir”-deyən Elşad Həsənov hesab edir ki, həm Avropa İttifaqının, həm Amerikanın, həm Rusiyanın və digər böyük dövlətlərin və Türkiyənin istəyi ilə, İranın istəyi ilə sülh müqaviləsi imzalana bilər, ən azından çərçivə sazişi bağlana bilər. Ancaq Ermənistan Konstitusiyasının memorandumunda həmin maddə Azərbaycana yönəlik ərazi iddiaları olan maddə oradan çıxarılmalıdır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »