Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hetostatın xələfləri, yaxud Tarixin İzmir "təkrir"i
Hetostatın xələfləri, yaxud Tarixin İzmir "təkrir"i

Meşədə bir siqaret yandırmaq, piknik üçün tonqal qalamaq... və 4 milyonluq şəhəri yanğın təhlükəsinə atmaq! İnsanlar bu qədər məsuliyyətsizdir!

Söhbət Türkiyənin İzmir şəhəri yaxınlığında başlamış, yaşayış məskənlərinə sıçramış yanğından gedir. Söhbət elə hər yerdən gedir. Dünyanın hər yerində meşə yanğınları var. İqlim dəyişib. Havalar isti keçir. Həm də anormal dərəcəsində. Anomaliya səviyyəsində. Bunun günahkarları atmosferi çirkləndirən böyük ölkələrdir. O ayrı bir söhbət. Amma sadə insanlar da qlobal istiləşməni hiss edir. Fəsadlarını görür. Hətta özləri də bu fəsadların qurbanı olur. Daşqınlar, sel, təbii yanğınlar... Bunlar həmin fəsadların tam olmayan siyahısıdır. Hələ bu yandan da insan özü öz dünyasına, öz ölkəsinə, öz şəhərinə, öz kəndinə, öz evinə yanğın təhlükəsi yaradır. İzmir yaxasında olduğu kimi.

"Qardaş da olsaq, ayrı ölkəyik" deyib keçənlər ola bilər. Az da olsa, var belələri. Bir qardaşın evi yananda o biri qardaşın da ürəyinə od düşür. Əsl qardaşlıq belə olur. Bu, öz yerində.

Söhbət, dediyim kimi, təkcə Türkiyədən də getmir. Elə özümüzdən danışaq. Məgər bizim ölkədə meşədə tonqal qalayan olmur, yoxsa siqaret çəkib quru kol-kosa, otluğa atan yoxdur. Bu mənada da bir millət, iki dövlətik. Təəssüf ki, meşədə siqaret çəkirik, amma həmin an öz  yaşadığımız təbii arealımızın təəssübünü çəkməyi unuduruq.

Tanrı təbiəti - bu dənizləri, çayları, meşələri, bütün yaşıllıqları, gözəllikləri bizə yaşam arealı olaraq verib. Əvəz, qarşılıq gözləmədən verib. Biz yaşaya bilək deyə.

Amma biz?!

Qəsdinə durmuşuq təbiətin. Özümüzə qəsd edirik. Suyu bulandırmaqla, havanı çirkləndirməklə, meşələri qırmaqla, çəmənlikləri korlamaqla, heyvan, quş ovunu kortəbii, "babam mənə kor deyib..." prinsipi ilə kütləvi qətliama çevirməklə öz sonumuzu hazırlayırıq.

Bəli, meşədə tonqalı söndürməmiş getmək, siqareti söndürmədən yerə atmaq...bunlar sanki adi, sıradan xətalardır. Amma nəticəsinə baxsaq... yox, cinayətdir. Qanun məntiqi ilə cinayətdir. Mənəvi kateqoriyalarla isə günahdır. Böyük günah! Tanrının əmanətinə xəyanətdir.

Mən Rusiyadakı meşə yanğınlarında çəkilmiş bir video görmüşdüm: od tutub yanan maral ağrılar içində qovrulur, özünü ora-bura vurur, hələ alovun çatmadığı ağaclara, kollara sürtünür. Yanğını da yayır, özü də əzab çəkir.

O Tayqa o maralın evidir. O evin, o heyvanın günahı nədir?! Onu niyə belə əzablara düçar edirik?! Orada - qəsəbədə evi yanan rus insanı başqa bir yerdə başqa bir ev tikib həyatına davam edəcək. Bəs o maral? O heyvanlar? O quşlar? Axı onları bizə, bizi də bir-birimizə əmanət edib Yaradan. Yaradanın əmanətinə belə sahib çıxırıq?!

 Meşələri qıraraq, yandıraraq?! Ov əyləncəsi olsun deyə heyvanları qanunsuz qətl edərək?!

...İzmir yanğınlarına görə bir neçə şübhəli şəxs saxlayıblar. Cinayət məsuliyyətinə cəlb edəcəklər. Düz edəcəklər! Bu cür əməllərə görə cəzalar sərtləşdirilməlidir. Eyni millətin hər iki dövlətində.

Bizim ölkəmizdə də meşələrə, yaylaqlara, çaylara, göllərə - Ana Təbiətə nəzarət daha üst səviyyəyə qaldırılsa, yaxşı olar. Ancaq ən sərt qanuna - Cinayət Məcəlləsinin "225-ci. Yanğın təhlükəsizliyi qaydalarını pozma" maddəsinə baxsaq, çox yumşaq, loyal sanksiya görəcəyik. 2 il, 3 il azadlıqdan məhrumetmə. Məncə, yanğın törədilməsi ən ağır cinayətlər kateqoriyasına aid edilməlidir. Qəsdən və ya ehtiyatsızlıqdan, fərq etməz, əgər sənin törətdiyin yanğın çox sayda insanın həyatını zədələyir və ya dağıdırsa, böyük ölçüdə zərər verirsə, cəzası da assimmetrik olacaq. Ehtiyatsızlıqdan bir şəhər yandırmaq, yaxud yanğın təhlükəsi qarşısında qoymaq... çox ağır əməllər deyilmi?! Təbii ki, elədir. Hər kəs əməlinə görə cavab verməlidirsə, sorğu-sualı da buna uyğun olacaq. Əks halda cinayəti stimullaşdırmış, hətta mükafatlandırmış olarıq. İstəmədən, bilmədən...

Miladdan əvvəl 356-cı ildə Herostat tarixə düşmək üçün Artemida məbədini yandırmışdı. Ancaq təkcə öz dövrü deyil, elə Tarixin özü də bu əməlinə görə onun cəzasını verib. Günahların cəzanı gələcək tarixə saxlasaq, Tarix gələcəkdə bizi də cəzalandıracaq. Bizim bu günümüz bir vaxtlar həmin yunan maldarın - Herostatın gələcəyi idi, elə deyilmi?!

İndi onun öz həmyerliləri az qala İzmiri yandıracaqdılar. Axı Herostat özü də indiki İzmirdə doğulmuş, orada yaşamış, Artemida məbədini də orada yandırmış, İzmirdə ölmüş və Tarixə gömülmüşdü.

O zaman bu şəhərin adı "İzmir" deyildi, "Efes" idi...

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »