Qərb ölkələri ilə Rusiya arasında tarixi məhbus mübadiləsi baş verib. Prezidentlik əməliyyatın Ankarada Milli Kəşfiyyat Təşkilatının (MİT) təşkilatçılığı ilə həyata keçirildiyini açıqlayıb. Açıqlamaya görə, 26 nəfərin iştirak etdiyi mübadilə Soyuq Müharibədən bəri ən böyük mübadilə olub. Bir tərəfdən ABŞ, Almaniya, Polşa, Norveç və Sloveniyanın, digər tərəfdən Rusiya və Belarusun iştirak etdiyi mübadilə çərçivəsində üçü ABŞ vətəndaşı olmaqla 26 nəfər azad edilib. Niyə Türkiyə?
“Türkiyə Rusiya ilə Qərb ölkələri arasında əsas problem olan Ukrayna ilə bağlı neytral siyasət yürütərək effektivliyini artırıb. Əslində, bu siyasət Atatürkün Cümhuriyyəti qurarkən müəyyən etdiyi əsas üsuldur. Mustafa Kamal Atatürk xüsusilə “yurdda sülh, cahanda sülh” deməklə, əslində Türkiyənin Ukrayna ilə bağlı həyata keçirdiyi siyasətləri qabaqcadan görür. Çünki qüdrətli olsalar da, bitərəf qalmağı bilən ölkələrin əli güclənir. Ona görə də bütün ölkələr öz problemlərini neytral və güclü dövlətlər vasitəsilə həll etməyə çalışırlar, böyük ölçüdə uğur qazanırlar. Mübadilənin Türkiyədə aparılması da bunu təsdiqləyir”.
Bu barədə Bizimyol.info xəbər portalına Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud danışıb. Professor bildirib ki, Türkiyə NATO-nun üzvüdür və Qərb ilə mühüm ticarət əlaqələri var, Rusiya ilə müxtəlif araşdırmalar və ticarət apara bilər, Ukrayna ilə dostluq qura bilər.
Kərəm Qarabulud“Bu siyasətin adı “balans siyasəti”dir ki, Türkiyənin həyata keçirdiyi siyasətdir və düzgündür. Yəni hər bir ölkə ilə öz ölkənizin maraqlarına uyğun yaxşı münasibət qurmaq rasional siyasətdir. Eyni siyasəti Azərbaycanda da Heydər Əliyev həyata keçirdi və uğurlu oldu. Azərbaycanda da bu siyasət davam edir. Bir sözlə, Türkiyənin mübadilə üçün seçilməsinin səbəbi Türkiyənin siyasətinin balans siyasəti olması və ölkə olaraq qərblə şərq arasında körpü olmasıdır”-deyə Kərəm Qarabulud bildirib.
İradə Cəlil, Bizimyol.info






