Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sürət yox, "enerji" qazandı - Ölkəmizdə ilk dəfə keçirilən elektrik avtomobillərinin yarış-yürüşü - Video
Sürət yox, "enerji" qazandı - Ölkəmizdə ilk dəfə keçirilən elektrik avtomobillərinin yarış-yürüşü - Video

2-3 avqust tarixlərində Azərbaycan Avtomobil Dilerləri Assosiyasiyası (AADA) tərəfindən ölkəmizdə ilk dəfə elektrik avtomobillərin yarış-yürüşü baş tutub.

Tədbirin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, Azərbaycan Avtomobil Dilerləri Assosiyasiyası (AADA) icraçı direktoru Eyyub Əliyev portalımıza xüsusi müsahibəsində bildirib ki, Azərbaycanda ilk dəfə Bakı-Nabran-Bakı marşrutu üzrə hərəkət çərçivəsində təşkil olunan elektrik avtomobillərinin yarış-yürüşün əsas mesajı "elektrik avtomobilləri ilə uzun yola çıxmaq mümkündür" olub.

"Əsas şərtimiz, tam dolu batareyalar ilə Bakı-Nabran-Bakı məsafəsini qət edən elektrik avtomobillərinin Bakıdan Nabrana çatdığı zaman 50 faiz enerji ehtiyatının qalmasıdır. Bu səfərdə münsiflər heyəti olaraq, Azərbaycanın sayılıb seçilən avtomobil blogerləri və media nümayəndələri iştirak edir. Onların hər biri fərqli avtomobillərdə oturacaq. yarışın gedişatını əyani müşahidə edəcək və yekunda fikirləri alındıqdan sonra qaliblər müəyyən ediləcək"-deyə Eyyub Əliyev qeyd edib.

Azərbaycan Avtomobil Dilerləri Assosiyasiyası (AADA) idarə heyətinin sədri Natiq Zərbəliyev elektromobillərin yarış-yürüş proqramına başlamazdan öncə planlaşdırılan səfərlə bağlı iştirakçılara və çəkiliş kollektivinə ətraflı məlumat verib:

"Azərbaycan Avtomobil Dilerləri Assosiyasiyası (AADA) bu gün ilk dəfə elektrikli avtomobillərin yarışını keçirir. Bildiyiniz kimi bu, sürət yarışı deyil. Əksinə, kolon eyni sürətlə gedəcək və çalışmaq lazımdır ki, az enerji sərf etməklə Nabrana çatmaq hədəfiniz olsun. Nabrana çatanda sizin göstəricilərə hakimlər tərəfindən baxılacaq və 50 faiz enerji ehtiyatına sahib elektrik avtomobilləri finala keçəcək. Finalçılar arasında da ən çox enerji ehtiyatı saxlamağı bacaranlar obyektiv olaraq dəyərləndiriləcək və 1-ci, 2-ci, 3-cü, 4-cü yerin qalibləri seçiləcək. Məqsədimiz kim 1-cidir, kim 2-cidir nümayiş etdirmək deyil. Biz əhaliyə göstərmək istəyirik ki, elektromobillərdən qorxmaq lazım deyil. Çünkü yollarda artıq enerji doldurmaq üçün cihazlar quraşdırılmaqdadır".

Natiq Zərbəliyev qeyd edib ki, Bakı-Nabran-Bakı marşrutu üzrə Yeni Yaşma ödəmə məntəqəsi dayanacaq olaraq təyin olunub və ödənişli yola girməzdən öncə sağ tərəfdə yerləşən meydançada enerji doldurmaq üçün iki ədəd cihaz mövcuddur.

"Təbii ki, yarışın şərtlərinə əsasən o cihazlardan istifadə edə bilməyəcəksiniz. Orada qısa çəkiliş fasiləsi veriləcək və sonra birbaşa Nabrana doğru hərəkət edəcəyik. Hər avtomobildə bir jurnalist və ya bloger gedəcək. Hər biri öz sahəsi üzrə Azərbaycanda tanınmış və peşəkar nümayəndələrdir. Həm sizə yoldaşlıq edəcək, həm də nəzarətçilik edəcəklər. Maşınlar nömrə sırası üzrə bir-birinin ardınca gedəcək, qırmızı işıqda dayanılacaq və bütün yol hərəkəti qaydalarına tam riayət olunacaq"-deyən Natiq Zərbəliyev bildirib.

Azərbaycan Avtomobil Dilerləri Assosiyasiyası (AADA) icraçı direktoru Eyyub Əliyev, yarış iştirakçılarına uğurlar arzu edib və yol hərəkəti qaydaları haqqında xüsusi xəbərdarlıqları diqqətə çatdırıb.

Bizimyol.info xəbər portalının rəsmi nümayəndəsi Kia elektrik avtomobilində səfər edib. Yürüş çərçivəsində Yeni Yaşma qəsəbəsi ərazisində olarkən Kia Azərbaycanın Marketinq meneceri Rəşad Ağayev və Kia Azərbaycanın Satış meneceri Əhməd Cavadov Kia EV6 GT-Line avtomobilinin enerji tutumu və digər texniki detallar ilə bağlı məlumat verib.

"Bakı-Quba yolu ilə hərəkət edirik və hazırda 89 faiz şarj olduğunu görürük. Kilometr hesabı ilə desək, 447 kilometrdir. Babək prospektindən bura gələnə kimi avtomobilin qəza işıqları, kondisioner və oturacaq soyutma sistemi fəaliyyətdə idi. Hazırda bunu davam etdiririk.

Şəxsi düşüncəm odur ki, Nabrana çatdığımız zaman 62-63 faiz ehtiyat şarjımız qalacaq. Təbii ki, birinci yerə çıxacağımzı düşünürəm. Kia EV6 avtomobilinin bütün üstün xüsusiyyətlərindən istifadə edəcəyik ki, ən çox şarj ilə son nöqtəyə çataq. İnsanlara göstərmək istəyirik ki, bu avtomobillər sadəcə şəhər daxilində sürmək üçün deyil. Siz bu avtomobili 1 dəfə şarj etməklə rayonlara, bölgələrə rahat gediş-gəliş gerçəkləşdirə bilərsiniz"-deyə Kia Azərbaycanın Marketinq meneceri Rəşad Ağayev qeyd edib.

"EV6 GT-Line avtomobilinin batareyası 77.4 kvatt enerji tutumuna malikdir. Tam şarjla 488 km yol qət edə bilir. Gediş-gəliş üçün kifayət qədər yetərlidir. Düşünürəm ki, 60-70 aralığında ehtiyat enerji qalacaq. Və əminəm ki, birincilərdən olacağıq"-deyə Kia Azərbaycanın Satış meneceri Əhməd Cavadov vurğulayıb.

Nabranda final nöqtəsi kimi təyin olunan istirahət mərkəzinə çatan zaman avtomobilin enerji tutumu tərəfimizdən yoxlanıldı və 61 faiz enerji ehtiyatının qaldığı görüldü. Rəsmi nümayəndələrin yürüş öncəsi verdiyi proqnozlar doğru çıxdı. Səfər etdiyimiz Kia EV6 GT-Line gözləntiləri doğrultdu.

Elektrik avtomobillərinin yarışına qoşulan bütün avtomobillər istirahət mərkəzində öncədən təyin olunan ərazidə həm Azərbaycan Avtomobil Dilerləri Assosiyasiyasının rəsmi nümayəndələri, həm də münsif olaraq seçilən bloger və media nümayəndələri tərəfindən yoxlanıldı. Marşrut üzrə enerji ehtiyatı nəticələrini sizinlə bölüşürük:

  • SKYWELL - 51 %
  • BYD - 60 %
  • Tesla - 48 %
  • Forting - 61 %
  • Hyundai - 45 %
  • Kia - 61 %
  • Volkswagen - 60 %
  • Leepmotor - 61 %
  • Neta - 45 %
  • Zeekr - 56 %
  • MG - 58 %

Azərbaycan Avtomobil Dilerləri Assosiyasiyası (AADA) idarə heyətinin sədri Natiq Zərbəliyev, elektrik avtomobillərinin göstəricilərinə əsasən qaliblərin mükafatlandırılması tədbirində çıxış edib.

"Qəribə bir format seçdik. Riskli idi, əslində. İcraçı direktorumuz Eyyub və mən düşündük ki, bu dəfə fərqli bir formatda tədbir keçirək. Avtomobil şirkətləri bu dəfə telekanallarla yox, tanınmış blogerlərlə yola çıxsınlar. Burada yeganə telekanal nümayəndəsi mən sayılıram. Əslində müstəqil fəaliyyət göstərən və çox böyük auditoriyaya malik tanınmış avtomobil blogerləri ekspert qismində avtomobillərə əyləşdilər və sizinlə birlikdə bura qədər gəldilər"-deyən Natiq Zərbəliyev elektrik avtomobil şirkətlərinin nümayəndələrini və münsif qismində iştirak edən media nümayəndələrini, blogerləri təbrik edib. Tədbirin yekununda həm şirkət nümayəndələri, həm də "hakimlər", yəni media nümayəndələri və blogerlər sertifikatla mükafatlandırılıblar.

Məlumat üçün AADA sıralarında 50-dən çox aparıcı avtomobil markasını ölkəmizdə təmsil edən rəsmi idxalçıları və yerli avtomobil istehsalçılarını birəşdirən ictimai birlikdir. Təşkilatın missiyası Azərbaycanda avtonəqliyyat sektorunun inkişafı, sivil avtomobil biznesinin bərqərar olması, ölkənin avtomobil parkının yenilənməsi, yollarda təhlükəsizliyin yüksəlməsi və ümumi ekoloji mühitin sağlamlaşmasına yardım etməkdir".

Yol qeydi: Azərbaycanda ilk dəfə keçirilən elektrik avtomobillərinin yarışının növbəti günü Kia EV6 GT-Line avtomobili ilə Bakıya dönüş fürsəti əldə etdim. Bakıdan Nabrana gedərkən avtomobili sadəcə "hakim" və ya münsif kimi deyil, həm də potensial müştəri gözü ilə müşahidə etdim. Müşahidələrimə əsasən deyə bilərəm ki, kiçik ailə və ya dost qrupu üçün iç həcmi yetərli səviyyədə olan bu avtomobilin soyutma sistemi isti havalarda yolu daha rahat şəkildə bitirməyə imkan verir. Əlavə olaraq, dayanacaqda çəkiliş fasiləsi verdiyimiz zaman digər avtomobillərin üzərinə də toxunaraq müqayisə etdim. Qapıların üzəri və maşının ön tərəfində istilik dərəcəsi olduqca az idi deyə bilərəm. Avtomobil sektorunun nəhənglərinin üzərində çoxsaylı araşdırma apardığı və "zövq oxşayan" tonu tapmaq üçün səs mühəndisləri çalışdırdığı qapı səsi də olduqca zərif, bir o qədər "yuvarlaq" ritmdə idi. "Sport" kateqoriyasında sayılan avtomobil ani sürət və refleks olaraq da qane edən göstəriciləri ilə diqqətimi çəkdi.

Yəqin ki, elektrik avtomobil həvəskarlarını sadəcə elektrik tutumu ilə deyil, illərdir vərdiş etdikləri avtomobillərdə axtardıqları xüsusiyyətləri inteqrasiya etməklə çəkmək doğru strategiya olacaq. Düşünürəm ki, elektrikli avtomobillər bu istiqamətdə ciddi fəaliyyət göstərdikləri zaman sadəcə enerji tutumu "yarış"ı etməklə qalmayacaqlar. Bazarda yer tutmaqdan öncə sürücülərin ağlında yol tapmaq və ürəyində yer tutmaq önəmlidir.

Səfər etdiyim və digər elektrik avtomobil modellərinin bütün texniki xüsusiyyətləri barədə şirkətin saytından, çağrı mərkəzindən və ya satış mərkəzlərindən məlumat ala bilərsiniz. Bu yazı reklam yazısı olmadığı üçün bu barədə məlumat vermək mənə düşməz. Mən bu barədə deyil, bir də avtomobilin "yazılmayan" xüsusiyyətləri haqda fikir bildirmək istəyirəm. Yola çıxmadan öncə diqqət edilməli olan ən əsas nüans yola kiminlə çıxmaqdır. Hətta yola tək çıxan insan da özü ilə baş-başa qalır, əslində. Bir də yola doğru yoldaşla çıxmaq var. Atalar deyib ki, "yoldan qal, yoldaşdan qalma". Mən də Bakı-Nabran-Bakı istiqamətində keçirdiyim 2 günlük yol yoldaşlığı üçün Kia markasının əməkdaşlarına xüsusi təşəkkürümü bildirirəm. Və qısa müddətlik yol yoldaşlarıma həyatlarında onlara işıq tutacaq bir arzu bölüşmək istəyirəm: "Yolunuz açıq olsun"...

Kia Azərbaycanın Marketinq meneceri Rəşad Ağayev və Kia Azərbaycanın Satış meneceri Əhməd Cavadov / Foto: Orxan, Bizimyol.info Kia Azərbaycanın Marketinq meneceri Rəşad Ağayev və Kia Azərbaycanın Satış meneceri Əhməd Cavadov / Foto: Orxan, Bizimyol.info

Orxan Musabəyli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »