Türkiyə Respublikası qonşu Ermənistanla sərhədi bu ölkə ilə Azərbaycan arasında münasibətlər normallaşdıqdan sonra aça bilər.
Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.
“Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi davam edir. Müsbət nəticə olacağı təqdirdə ssenarimizi hazırlamalıyıq və bu istiqamətdə iş gedir. Əgər o (normallaşma prosesi) tamamlanarsa, müsbət ssenarini aktivləşdirəcəyik, yəni sərhəddə qapılarımızı aça bilərik”, - deyə türkiyəli nazir "Sabah" qəzetinə bildirib.
İyulun 30-da Türkiyə xüsusi nümayəndəsi Serdar Kılıç və Ermənistanın təyin edilmiş nümayəndə Ruben Rubinyan iki ölkənin sərhədində görüş keçirərək, ikitərəfli münasibətlərin ilkin şərt olmadan normallaşdırılması prosesini davam etdirmək niyyətlərini təsdiqləyiblər.
Türkiyə ilə Ermənistan arasında ortaq sərhəd olmasına baxmayaraq diplomatik əlaqələr yoxdur. 2009-cu ildə Sürixdə iki dövlətin xarici işlər nazirləri diplomatik münasibətlərin qurulması və qarşılıqlı münasibətlərin prinsipləri haqqında protokollar imzalasalar da, tərəflər sənədi ratifikasiya etməkdə maraqlı olmayıb. 2018-ci il martın 1-də İrəvan protokolların ləğv olunduğunu elan edib. 2021-ci ildə Türkiyə və Ermənistan nizamlanma məsələləri üzrə xüsusi nümayəndələr təyin ediblər. Türkiyə Ermənistanla münasibətlərin normallaşmasını dəfələrlə Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması ilə əlaqələndirib.
Qadir, Bizimyol.info






