Prezident və AKP sədri Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzza zolağına hücumlarına və işğalına sərt reaksiya verib. Bazar günü AKP Rize Şəhər Təşkilatının toplantısına qatılan Ərdoğan, "Qarabağ və Liviyaya girdiyimiz kimi onlara da eyni şeyi edəcəyik. Bizim edə bilməyəcəyimiz bir şey yoxdur" deyib. İsrailin xarici işlər naziri İsrael Katz, Ərdoğanın sözlərinə İraqın devrilmiş lideri Səddam Hüseynə bənzətmə ilə cavab verib. Katz "X" sosial şəbəkə vasitəsilə mesaj ünvanlayıb. Xarici işlər naziri, prezident Ərdoğan və Səddam Hüseynin yan-yana fotolarını da paylaşıb və qeyd edib: "Ərdoğan Səddam Hüseynin yolu ilə gedir və İsraili hücumla hədələyir.(Ərdoğan) Orada (İraqda) nə baş verdiyini və bunun necə bitdiyini xatırlamalıdır". Xatırladaq ki, Səddam Hüseyn 2006-cı ildə ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2003-cü ildə İraqı işğal etməsindən sonra edam edilib.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türkiyə ilə İsrail arasında 2010-cu ildə “Mavi Mərmərə” gəmisinə görə baş verən konfliktdən sonra normallaşma istiqamətində gedən proseslər ötən ilin 7 oktyabr tarixində HAMAS -ın İsrailə hücumu, daha sonra İsrailin HAMAS-ı məhv etmək məqsədi ilə Qəzza bölgəsində apardığı əməliyyatlar bu prosesin dayandırılmasına və münasibətlərin yenidən mənfi istiqamətə doğru getməsinə səbəb oldu.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal BəşirovPolitoloqun fikrincə, təbii ki, baş verənlər təsadüfi deyil. Türkiyə əslində regionda və eyni zamanda dünyada gücü, nüfuzu gündən-günə artan ölkədir. Amma yürütdüyü siyasət nəticəsində güclü dövlət olan İsraillə arasında münasibətlərin normallaşdırılmasına qarşı olan qüvvələr var.
Xəyal Bəşirov deyir ki, əslində bu gün NATO-nun aparıcı güclərindən olan Türkiyə kimi dövlət ilə yaxın şərqdə güclü mövqeyə, güclü orduya sahib İsrailin dostluğu və yaxınlaşması heç də bir sıra mənsub qüvvələrin ürəyincə deyil. Bu yaxınlaşmanı istəməyən qüvvələr çox təəssüflər olsun ki, bir sıra həlledici məqamlarda daha güclü çıxırlar.
İsrail-Fələstin məsələsi ilə bağlı politoloq qeyd edib ki, bununla bağlı Azərbaycanın mövqeyi bəllidir. Azərbaycan beynəlxalq hüquq prizmasından çıxış edir və 1947-ci ildə BMT-nin qəbul etdiyi qətnamə ilə İsrail və Fələstin dövlətlərinin yaradılması, yəni iki müstəqil dövlətin yaradılmasının tərəfdarı kimi və 1967-ci ildən öncəki sərhədlərə qayıdılmasını beynəlxalq hüquqa uyğun hesab edir.
“Bu məsələdə Türkiyə dövlətinin də mövqeyi bu şəkildədir. İsrail ilə Türkiyə arasında baş verən bu qarşıdurmalar, qarşılıqlı ittihamlar heç də o demək deyil ki, onlar heç bir mövzuda eyni baxış bucağını paylaşmırlar və yaxud heç bir mövzuda onların maraqları onların baxışları uzlaşmır.
Məsələn; Azərbaycanın ərazi bütövlüyü məsələsində onların mövqeyi eyni idi. Hər ikisi Azərbaycanın ərazi bütövlüyünün, Azərbaycanın ərazilərini işğaldan azad olunması tərəfdarı idi. Eyni zamanda Azərbaycana bu istiqamətdə bütün dəstəklərini nümayiş etdirməyə cəhd göstərirdilər. Bu səbəbdən də, İsrail ilə Türkiyə arasında bütün bu problemlərin olunmamasına baxmayaraq, onların ortaq nöqtələri var.
Türkiyə dövlətini İraq dövlətinə bənzətmək, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı İraqın keçmiş prezidenti Səddam Hüseynə bənzətmək yanlışdır. Yəni bu, qəbuledilməzdir. İraq dövləti sıradan bir dövlət idi. İraq dövləti beynəlxalq səviyyədə qəbul edilməyən, tanınmayan bir dövlət idi. Amma Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün dünyada ən nüfuzlu liderlərdən biridir. Türkiyə nəinki regionda, ümumilikdə dünyada söz sahibinə çevrilən dövlətlərdən biridir”-deyən politoloq hesab edir ki, burada kənar qüvvələrin yaxın şərqdə, o, cümlədən də regionda Türkiyə ilə İsrail arasında yaxınlaşmasına qarşı olan qüvvələrin rolu açıq şəkildə görünməkdədir.
Xəyal Bəşirov deyir ki, son zamanlar 2010-cu ildə “Mavi Mərmərə” gəmisi ilə bağlı baş verən olaydan sonra münasibətləri kəskin şəkilldə pisləşən Türkiyə ilə İsrail arasında münasibətlərin normalaşdırılması istiqamətində ciddi addımlar atılmışdı. Azərbaycan dövləti də hər iki müttəfiqinin, dostluq münasibətində olduğu hər iki dövlətin yaxınlaşmasından yana olan bir dövlətdir.
Politoloqun fikrincə, bu proses hər bir halda reallaşacaq. Amma çox təəssüflər olsun ki, bəzi problemlər, o, cümlədən də bu gün yaxın şərqdən, kənardan münaqişənin alovlandırılması müsbət proseslərə mane olur.
Politoloq hesab edir ki, yaxın şərqdə münaqişənin alovlandırılmasının nə yəhudi xalqına, nə fələstin xalqına heç bir müsbət töhfəsi yoxdur.
“Əksinə, itirən tərəf hər iki xalqdır. Hər iki dövlətdir. Həm Fələstinin, həm İsrailin itirdikləri nəzərə alsaq, bu münasibətlərin bu şəkildə davam etdirilməsindən daha çox münasibətlərin normaldaşdırılması və normallaşmaya dəstək olan tərəflərin tövsiyələrinə, məsləhətlərinə əməl edilməsi və onların ciddiyə alınması da ən uyğun yol olardı.
Bu gün qarşılıqlı şəkildə bu ittihamların səsləndirilməsi də kənardan alovlandırılan o münaqişənin müəlliflərinin oyunudur. Gələcəkdə bu problem həllini tapacaq və qarşılıqlı ittihamlar qarşılıqlı dəstəyə çevriləcək. Çünki həm Türkiyə, həm də İsrail regionda söz sahib olan dövlətdir. Söz sahibi olan dövlətlərin bir-birlərinə qarşı belə mövqe sərgiləməsi heç də regiona müsbət bir şey vəd etmir”-deyən Xəyal Bəşirov hesab edir ki, gələcəkdə hər iki dövlətin rəsmiləri bu məqamı ciddi şəkildə nəzərə alacaqlar və qarşılıqlı ittihamları deyil, qarşılıqlı münasibətlərin normallaşdırılmasından yana siyasətin tərəfdarı olacaqlar.
İradə Cəlil, Bizimyol.info






