"Hazırda Macarıstan, Avropa İttifaqına sədrlik edir. Bu post, rotasiya ilə hər 6 aydan bir dəyişir. Sədr dövlətlər, əsasən gündəliyin formalaşdırılması ilə məşğul olur və xüsusi səlahiyyətlərə malik deyillər. Yəni ittifaqın tərkibində bütün qərarlar kollegial şəkildə qəbul olunur. İttifaqdan kənar, hər bir dövlət xarici və daxili siyasətini müstəqil həyata keçirir".
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Nəsib Məhəməliyev danışıb. Deputat qeyd edib ki, Macarıstanın baş naziri Viktor Orban kifayət qədər təcrübəli və heç kimdən çəkinmədən ölkəsinin milli maraqlarını prinsipiallıqla müdafiə etməyi bacaran praqmatik liderdir.
Nəsib Məhəməliyev“Müasir macarlar, özlərini Atillanın nəvələri hesab edirlər. Macarıstanın, Türk Dövlətləri Təşkilatında yaxından iştirak etməsi, əsasən bu amillə bağlıdır. Ona görə də, bəzi Avropa strukturları tərəfindən Macarıstana qarşı qərəzli mövqe sərgilənir. Eyni zamanda Macarıstan TDT-da müşahidəçi statusuna malikdir. Yaxın gələcəkdə Təşkilatın tamhüquqlu üzvü olacağı şübhəsizdir. Məxsusi olaraq, qeyd etmək istərdim ki, Macarıstan, TDT üçün son dərəcə əhəmiyyətli müttəfiqdir. Demək olar ki, siyasi baxımdan TDT-nin Avropadakı nümayəndəsi rolunu oynayır.
Baş nazir Orbanın Moskvaya, oradan Şuşaya səfəri ilə bağlı, Avropa Birliyinin xarici məsələlər üzrə komissarı Borellin fikirlərinin hüquqi əsası yoxdur. Birincisi, qatı islamofob, türkəfob siyasətçi imicini qazanmış bu şəxsin fəaliyyəti sülhün əldə olunmasına yox, gərginliyin saxlanmasına yönəlib. Əvvəl qeyd etdiyim kimi, harada keçirilməsindən asılı olmayaraq, Macarıstan son illər TDT-nin bütün sammitlərində yaxından iştirak edir. Bu dəfə Şuşada keçirildi. Şuşa isə, Borellin təmsil etdiyi Avropa İttifaqı tərəfindən mübahisəsiz Azərbaycan ərazisidir.
İkincisi, Şimaili Kipr Türk Cümhuriyyəti ilə bağlıdır. Bu adam bilməlidir ki, dünya birliyinin və adanın yunanlarla yanaşı türk sakinlərinin də qəbul etdiyi məşhur “Annan planı” vardı. Həmin plana görə, ümumxalq səsverməsinin nəticəsi olaraq adada müstəqil Türk Cümhuriyyəti yaradılmalı idi. Avropalı siyasətçilərinin ikiüzlü davranışları, İttifaqa üzv olacaq "Türk xofu" buna imkan vermədi.
Üçüncüsü, Viktor Orban Avropa İttifaqı liderləri arasında rəsmi Moskva ilə normal münasibətləri olan yeganə liderdir. Onun Rusiya-Ukrayna müharibəsinin danışıqlar yolu ilə nizamlamaq cəhdlərində pis nə var? Artıq heç kimə sirr deyil ki, bu müharibə kənardan idarə olunur və hər iki dövləti maksimum zəiflətmək məqsədi güdür. Üçüncü qüvvələrə nə güclü Ukrayna, nə də ki, Rusiya lazımdır. Söhbət, yeni dünya nizamından və təbii resurslara, logistikaya nəzarətdən gedir”-deyən Nəsib Məhəməliyev hesab edir ki, Borell kimi özünü tükətmiş və karyerası üfüqə doğru gedən siyasətçilərə fikir vermək lazım deyil. Bizim üçün ən vacib məsələ odur ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində, həmin siyasət “dəllal”larının arzuları puç oldu. Şuşa TDT-nin qeyri-rəsmi sammitinə ev sahibliyi etdi. Bütün dünya Şuşada, bütövlükdə Qarabağda aparılan quruculuq işlərini və erməni vəhşiliklərini, onlara 30 il “yengəlik” edənlərin fəaliyyətlərini gördü.
Nəsib Məhəməliyevin fikrincə, şübhəsiz, TDT-nin Liderlərinin Azərbaycanın, Türk və İslam dünyasının mədəniyyət paytaxtı elan olunmuş Şuşada keçirilməsi tarixi hadisədir: "Şuşa adına layiq, ən yüksək dünyaya təqdim olunur. Öz mədəniyyəti, tarixi, yenidən bərpası ilə gələcəyin gözəl şəhərinə çevrilir, dünyaya açılır. Borellər gəldi-gedərdi".
Nəsib Məhəməliyev, baş nazir Viktor Orbanın Moskvaya və Pekinə səfərinə görə Macarıstanın Avropa Birliyi tərəfindən cəzalandırılacağını və yaxud sədrlikdən kənarlaşdırılacağını düşünmür: "Cəza tətbiq olunması üçün vahid konsensus olmalıdır. İttifaqda Macarıstanı dəstəkləyən dövlətlər var. Eyni zamanda, Avropa parlamentinə son seçkilərdən sonra, Macarıstanın təşəbbüsü ilə üç siyasi partiyadan ibarət fraksiya yaradılır".
“Burada, bir məsələyə diqqət etmək lazımdır. Noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkilərində Tramp qalib gələcəyi təqdirdə, Macarıstanın Avropa İttifaqındakı mövqeyi dəfələrlə güclənəcək. Orbanın Trampla dostluq münasibətlərinin olması və siyasi baxışlarının üst-üstə düşməsi heç kim üçün sirr deyil”-deyə deputat vurğulayıb.
Xatırladaq ki, iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının “Zəfər” Sammiti keçirilib. Sammitdə Macarıstanın baş naziri Viktor Orban da iştirak edib.
P.S. Görünür, bu iştirak Avropa İttifaqının xarici siyasətlər üzrə komissarı Cozef Boreli yaman nrahat edib. Dərhal X hesabında yazıb ki, “Avropa İttifaqı Macarıstana TDT-nin sammitində iştirak üçün mandat verməyib”.
Borell, Şimali Kipr Türk Cümhuriyyətini qəbul etmədiklərini də dilə gətirib. Sanki kimsə bunu soruşurmuş kimi…
Borellin bu açıqlamasını sadəcə siyasi ikiüzülülük kimi dəyərləndirə bilərik…
İradə Cəlil, Bizimyol.info






