Finlandiya hökuməti “Yandex”ə məxsus “Yango” taksi şirkətinin fəaliyyətini qadağan etmək istəyir. Skandinaviya dövləti şirkətin müştərilərin şəxsi məlumatlarını Kremlə ötürə biləcəyindən ehtiyat edir. Çünki Rusiya qanunvericiliyi taksi xidmətləri qarşısında xüsusi öhdəlik qoyub. Şirkətlər Federal Təhlükəsizlik Xidmətinə məlumatlar bazasına çıxışı təmin etməlidir. Finlandiya hökuməti isə bunu yolverilməz sayır.
Bizimyol.info xəbər verir ki, Finlandiyanın şəxsi məlumatların mühafizəsi üzrə komissarı Anu Talus Niderland rəsmiləri ilə “Yango”nun qadağan olunması məsələsini müzakirə edib. Məhz Niderlandın “Ridetech International BV” şirkəti xidmətin məlumatlarının hazırlanması ilə məşğul olur. Finlandiyada “Yandex”ə məxsus taksi sifarişi xidmətinin qadağan edilməsi ilə bağlı qərar yaxın bir neçə ay ərzində veriləcək.
Finlandiyada “Yango”nun fəaliyyətinə son qoymaq məsələsi 2023-cü ildə də gündəmə gəlmişdi. Onda “Yandex” üzərinə öhdəlik götürmüşdü. Görünür, hadisələrin gedişi Skandinaviya dövlətinin ürəyincə deyil.
Finlandiyada milli təhlükəsizliyə görə belə narahatdırlar. Ukrayna müharibəsindən sonra Kremllə münasibətlər bir az da mürəkkəbləşib. Əslində, Azərbaycan üçün də təhlükə az deyil. “Yango” bizim ölkədən başqa, Ermənistanda da fəaliyyət göstərir. Bu baxımdan çox həssas məsələdir və xüsusi diqqət tələb edir.
Bir müddət əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin nümayəndələri ilə görüş keçirilmişdi. Görüşdə toxunulan məsələlərdən biri də istər sərnişinlər, istərsə də sürücülər haqqında şəxsi məlumatların başqa ölkələrə ötürülməsinin məhdudlaşdırılması idi.
“Hazırda ölkə ərazisində minik avtomobilləri ilə taksi xidməti göstərən, eyni zamanda taksi xidmətlərinin təşkili, sifarişlərin idarə olunmasını həyata keçirən yerli və xarici şirkətlər mövcuddur. Əksər şirkətlərin məlumat bazası xarici ölkələrdə yerləşir və bu da “Fərdi məlumatlar haqqında” Qanuna ziddir. Qanuna əsasən, ölkəmizdə fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatından keçməlidir. Yalnız bundan sonra fərdi məlumatların toplanılmasına və işlənilməsinə icazə verilir”, - nazirlikdən bildirilib.
Finlandiya haqda xəbərdə bir məqam da diqqət çəkir. Ölkədə şəxsi məlumatların mühafizəsi ilə bağlı xüsusi xidmət var və komissar məsələyə müdaxilə etmək üçün dərhal səhnəyə çıxır. Üstəlik, başqa bir dövlətlə ciddi danışıqlar aparılır ki, problem həllini tapsın.
Aytən, Bizimyol.info






