"Bu gün Azərbaycan Silahlı Qüvvələri günüdür. Silahlı Qüvvələrimiz böyük bir tarixi yol keçib. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti özünün Əlahiddə Azərbqaycan Korpusunu yaratmış və yeni formalaşmış ordu o dövrdə qarşısına qoyulmuş vəzifələri icra edirdi. Amma Azərbaycan Xalq Cümhuriyyətnin süqutu, ilk yaradılmış milli ordumuzun da fəaliyyətinin dayandırılmasına gətirib çıxardı. Biz 70 il sovetlər ittifaqının tərkibində yaşamağa məhkum olduq. Bu 70 ilin bir hissəsini Azərbaycanı müstəqilliyə aparan dövrün başlanğıcı kimi də qeyd edə bilərik. Çünki, Azərbaycan Respublikasına rəhbər təyin olunan Heydər Əliyev ölkəmizin gələcəyini müstəqilliyin bərpasına aparacağına inanırdı. Ona görə də milli hərbi kadrların hazırlanması məsələsinə xüsusi diqqət ayırdı".
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Badamov danışıb. Deputat qeyd edib ki, 1971-ci ildən Naxçıvanski adına hərbi məktəbdə azərbaycanlı gənclərin hərbi peşəsinə yiyələnməsinə başladı. Amma ona qədər azərbaycanlılar strateji hərbi peşələrdən uzaqlaşdırılmış və ordunun inşaat bölümlərində xidmətə cəlb olunurdu.
Azər Badamov“Tarixi prosesin ardıcıllığı olaraq 1991-ci ildə ikinci dəfə müstəqilliyə qovuşduq. Amma vahid mərkəzdən idarə olunan ordumuzun olmaması və pərakəndə şəkildə fəaliyyət göstərən hərbi birləşmələrdəki özbaşınalıq, ölkəmizi ərazilərimizin itirilməsi ilə qarşı-qarşıya qoydu. 1994-cü ilin 15 iyun günündə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, ordu quruculuğu sahəsində də yeni bir səhifənin açılmasına səbəb oldu. Pərakəndə hərbi birləşmələr bir komandanlıq altında birləşdirərək nizami ordu yaradıldı. Orduda nizam-intizam yüksək səviyyəyə qaldırıldı və qısa zaman kəsiyində dahi liderin rəhbərliyi altında tarixi Horadiz əməliyyatı həyata keçirilərək düşməni atəşkəsə imza atmağına məcbur edildi. Ulu öndərin dövlətə rəhbərlik təcrübəsi sayəsində orduya diqqət artırıldı. Artıq Azərbaycan öz nizami ordusuna malik oldu”-deyə deputat qeyd edib.
Azər Badamov əlavə edib ki, prezident İlham Əliyev ulu öndərin siyasi kursunu uğurla davam etdirərək ordu quruculuğuna böyük diqqət ayırdı. Çünki ordumuzun qarşısında torpaqlarının erməni işğalından azad edilməsi kimi məsuliyyətli bir vəzifə dayanırdı. Dövlət büdcəsinin əhəmiyyətli hissəsi, ölkəni müdafiə xərclərinə cəlb edildi. Əsgər və zabitlərin xidmət şəraiti müasirləşdirildi. Orduya yeni hərbi texnika və silahlar alındı. Ordumuz mütəmadi hərbi təlimlərə cəlb olundu, peşəkarlıq artırıldı və qısa zaman kəsiyində Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasına daxil oldu.
“2016-cı ilin aprel döyüşləri və 2018-ci ilin Günnüt əməliyyatı ordumuzun gücünün qismən nümayişi idi. Biz düşmənə öz gücümüzü göstərdik və ermənilərə danışıqlar prosesində konstruktivlik nümayiş etdirməyin vaciibliytini bildirdik. Təəssüf ki, düşmən bizim gücümüzü ciddi qəbul etmədi və İkinci Qarabağ müharibəsinin başlanmasını qaçılmaz etdi. 27 sentyabr 2020-ci ildə hərbi əməliyyatlara başlayan müzəffər ordumuz Ali Baş Komandanın əmrini rəhbər tutaraq, sinəsini düşmən gülləsinə sipər etdi. Ordumuz düşmənin 30 ildə qurduğu müdafiə xətlərini qısa zaman kəsiyində aşaraq yeni bir tarix yazmağa başladı. 44 günün hər bir günündə ordumuz xalqımızı qələbələrlə sevindirir və qəhrəmanlıq səlnaməsini yazırdı. Nəhayət 8 noyabrda qəhrəman əsgərimiz üçrəngli dövlət bayrağımızı Şuşada dalğalandırmaqla, xalqımıza qələbə hissini qaytardı və dövlətimiz düşməni kapitulyasiya sənədinə imza atmağa məcbur etdi”-deyə Azər Badamov vurğulayıb.
Deputatın sözlərinə görə, müharibənin başa çatdığı qısa dövrdə də ordumuzun xalqımıza bəxş etdiyi zəfərlər davam etdi. 20 sentyabrda bütün ərazilərimizdə bayrağımızın dalğalandırılması ərazilərimizin suverənliyinin tam bərpası demək idi.
“Bu gün Azərbaycan Respublikası bütövdür və öz ərazilərinin sahibidir. Bu uğura qalib sərkərdənin qalib ordusu sayəsində nail olduq. Ordumuz müstəqilliyimizin qarantıdır. Ordumuz təhlükəsizliyimizin təminatçısıdır. Ordumuz beynəlxalq arenalarda sözümüzün gücünü artırır.
Yaşasın Müzəffər Ali baş Komandan! Yaşasın Azərbaycanın Silahlı Qüvvələri! Bayramınız mübarək!”-deyə Azər Badamov bildirib.
İradə Cəlil, Bizimyol.info






