Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təslimiyyət və Təvəkkülün zirvəsi - İbrahim aleyhissalam...
Təslimiyyət və Təvəkkülün zirvəsi - İbrahim aleyhissalam...

"Qoca yaşımda mənə İsmaili və İshaqı lütf edən Allaha həmd olsun! Həqiqətən, Rəbbim duaları eşidəndir. Ey Rəbbim, məni və nəslimdən gələnləri namaz qılanlardan et! Ey Rəbbimiz, duamı qəbul et! Ey Rəbbimiz, haqq-hesab günü məni, ata-anamı və möminləri bağışla!" (İbrahim aleyhissalamın duası, Qurani-Kərim, "İbrahim" surəsi, 39,40,41-ci ayələr)

Göydən od ələnib, susuzluqdan dodaqlarımızın dərisi soyulduğu an, üzümüzə soyuq su kimi toxunan xəfif, sərin külək əgər insan şəklini alsaydı, O, İbrahim aleyhissalamdan başqası ola bilməzdi...

O İbrahim ki, aləmlərin Rəbbi olan Allah nə Ondan öncəkiləri, nə də Ondan sonrakıları Onu sınağa çəkdiyi kimi sınağa çəkmədi. Heç bir insan övladı Onun yükləndiyi məsuliyyəti yüklənmədi. Heç kim Onun səbr etdiyi kimi səbr etmədi. Yerin və göylərin Rəbbi Qurani-Kərimin Hud surəsinin 75-ci ayəsində İbrahimi belə vəsf edir: "Həqiqətən, İbrahim həlim xasiyyətli, həmişə dua edərək yalvarıb-yaxaran və özünü tamamilə Allaha təslim etmiş bir şəxs idi".

Bütləri qəbul etmədiyinə, atasını və xalqını tək olan Allahın varlığına həlimliklə dəvət etdiyinə görə məmləkətindən uzaqlaşdırıldı, alovun içinə atıldı. Lakin Rəbbinin əmri ilə içinə atıldığı o alov sərin və zərərsiz oldu. Bununla belə, Ona bu zülmü edənlər üçün duasından qalmadı və belə dedi: "Ey Rəbbim! Həqiqətən də, onlar çox adamı azdırıblar. Kim mənə tabe ol­­sa, o, məndəndir. Kim də mənə asi olsa, bilsin ki, Sən Bağışlayansan, Rəhmlisən". ( İbrahim, 36)

Ancaq İbrahimin sınaqları hələ bitməmişdi. Onu bir insanın gözləyə biləcəyi ən böyük imtahan - övladı ilə sınanmaq gözləyirdi. Çəkdiyi bütün əzab-əziyyətlərdən sonra Allah Ona İsmaili bəxş etmişdi. İndi isə yuxusunda İbrahimə övladını Allaha qurban etməsi istənilirdi. Həm özü, həm də oğlu İsmail bunun Allah tərəfindən onlara göndərilmiş bir sınaq olduğunu bilirdilər. Bu əmrdən sonra atasının hansı hala düşdüyünü görən İsmail eynilə atasının gəncliyi kimi Onu həlimliklə, gülərüzlə dindirir. Bu hadisə Saffat surəsinin 102-ci ayəsində belə nəql olunur: "O, böyüyüb atası ilə bərabər çalışmaq həddinə çatdıqda İbrahim dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax, gör, nə düşünürsən!” O dedi: “Atacan! Sənə buyurulanı yerinə yetir. Allah qoysa, mənim səbrlilərdən olduğumu görəcəksən”.

Ata və oğul bu sınaqdan da üzü ağ çıxır və Allah onlara Kəbə evini inşa etməyi nəsib edir. İsmailə də peyğəmbərlik verir. Bu gün milyonlarla müsəlmanın pərvanə kimi başına dolandıqları o Kəbə evi İbrahim əleyhissalamın öz əlləri ilə tikdiyi, ardınca isə "Ey Rəbbimiz! Bunu bizdən qəbul et, şübhəsiz sən eşidənsən, bilənsən. Ey Rəbbimiz! Bizi sənə təslim olanlardan et. Nəslimizdən də sənə təslim olacaq ümmət çıxar" deyə, dua etmişdi. Bu gün Kəbə evinə yönəlib, namaz qılan, dua edən, qurban kəsən hər bir müsəlmanın ibadətində İbrahim aleyhissalamın və oğlu İsmailin haqqı var. Hər gün milyonlarla müsəlmanın namazından, duasından Ona və oğluna pay gedir. O İbrahim ki, Allah Onun zürriyətindən neçə-neçə peyğəmbər çıxarıb və Muhəmməd Mustafa (Allahın salamı Onun, Əhli-Beytinin, əshabının və Ümmətinin üzərinə olsun) Onun sonuncu peyğəmbər nəvəsidir...

...İbrahim aleyhissalam Allaha təslimiyyətin və təvəkkülün zirvəsidir. Onu tanımayanlar, hər il qeyd etdikləri Qurban Bayramının mahiyyətini dərk edə bilməzlər.

Bu gün ənənəvi Qurban Bayramı yazılarından fərqli olaraq, diqqəti daha çox İbrahim aleyhissalama yönləndirdik ki, insanlar bu gözəl bayramın pərdəarxasını, o bayramı İslam ümmətinə gətirən peyğəmbərin həyatını, məqsəd və məramını öyrənsinlər. Bir namaz dəstəmazsız kamil olmadığı kimi, Qurban Bayramı da İbrahim aleyhissalamı bilmədən kamil ola bilməz.

Bu gün Onun inşa etdiyi evə tərəf yönəlib, səcdəyə getdiyimiz, dua etdiyimiz bütün ibadətlərimiz Onun vaxtilə etdiyi duanın qəbulu nəticəsindədir. Rahman olan Allah bir qulunu sevdisə, bax, Onu belə əziz və şərəfli edir. Uca Rəbbimiz ibadətlərimizə İbrahim aleyhissalamın təslimiyyət və təvəkkülünü versin, Qurbanı bizdən səmimiyyət və ixlasla qəbul etsin.

Allahın salamı İbrahimə, Onun nəslindən gələn rəsulların və sonuncu peyğəmbər nəvəsi Muhəmməd Mustafanın və Onun Ümmətinin üzərinə olsun!

Qurban Bayramınız mübarək, möhtərəm müsəlmanlar!

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »