2024-cü il Yay Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazırlaşan Fransa son zamanlar təhlükəsizlik problemləri ilə gündəmdədir.
Bizimyol.info xəbər verir ki, Britaniya mətbuatı iddia edir ki, Fransa liderinin zəif və uğursuz gedişləri səbəbindən onun həyat yoldaşı Bricit Makron işə qarışıb.
Fransa prezidenti Emmanuel Makron mart ayında Marseldə narkotik ticarətinə qarşı mübarizə aparacağını vəd etməsi ilə şəhərin bəzi hissələrini döyüş meydanına çevirən qanqsterləri qorxudub. Lakin Britaniya mətbuatının yazdığına görə, bu, kriminal lordların işlərini davam etdirmələrinə mane ola bilməyib.
Keçən həftə “milçək” ləqəbli və 13 cinayətdə mühakimə olunan məhbus Mohamed Amra, avtomobil yolunun ödəniş məntəqələrində həbsxana avtomobilində pusquya salınaraq qaçırılıb. Hücum zamanı güllə yarası alan 2 mühafizəçi hadisə yerində ölüb, 3 mühafizəçinin isə ağır yaralandığı bildirilir.
Makron məsələni yaxından izləyəcəyini, İnterpol tərəfindən qırmızı bildiriş verildiyini, 500 polisin səfərbər edildiyini, lakin Amra və onun əlaltılarından əsər-əlamətin olmadığını vurğulayıb.
Fransa mətbuatında “biabırçı” hadisəyə reaksiyalar artır. "CNEWS" həbsxana məmurlarının "su silahı" ilə təchiz edildiyini söyləyərək prezidenti tənqid edib.
Bu arada Fransanın Yeni Kaledoniyasında səsvermə qanununun dəyişdirilməsinə etirazlar küçələri döyüş meydanına çevirib. Fransa hökumətinin dəstəklədiyi səsvermə islahatlarına qarşı etirazlarda ən azı 5 nəfər ölüb. Makron zorakılığa son qoymaqda qərarlı olduqlarını vurğulayıb və artan şiddətə qarşı 12 gün davam edəcək fövqəladə vəziyyət elan edib.
Dünən Fransanın paytaxtı Parisin şimal-qərbində yerləşən Rouen şəhərində sinaqoqu yandırmağa cəhd edən şəxs polis tərəfindən güllələnərək öldürülüb.
Paris 69 gün sonra dünyanı 2024-cü il Olimpiadasının açılış mərasiminə dəvət edəcək. Bu, Makron üçün qlobal səhnədə parlamaq üçün əla fürsətdir, lakin təhlükəsizlik rəsmiləri tədbirin cinayətkarlar üçün fürsət yarada biləcəyindən qorxurlar.
Britaniya mətbuatı yazır ki, Makronun asayişi qoruya bilməməsi fransız xalqı tərəfindən açıq şəkildə etiraf edilir. "Dailymail" qəzeti, Fransa lideri haqqında "Makron daha zəif görünə bilməzdi" deyə yazıb:
“Makron gələn ay keçiriləcək Avropa Parlamenti seçkilərində partiyasının getdikcə dərinləşən tənəzzülünə qarşı çıxmasa, uğursuzluğa məhkum olacağı görünür”, - deyə qəzet qeyd edib.
Makronun özündən 24 yaş böyük olan həyat yoldaşı Bricit Makronun baş verənlərdən son dərəcə narahat olduğu və cilovu ələ almağa çalışdığı bildirilir. Parisdən olan mənbələr birinci xanımın o qədər qəzəbləndiyini və Makronun baş məsləhətçilərini ləğv etməyə çalışdığını iddia edir və mətbuat bunu “Madam qanadının qisası” adlandırırlar.
"Dailymail" qəzeti Fransa liderinin yumruq torbasına yumruq verərkən verdiyi pozaların arxasında Bricit Makronun olduğunu və birinci xanımın ərindən sərt mövqe tutmasını istədiyini iddia edib və xəbərində:
“Madam Makron səriştəsiz ərindən o qədər bezdi ki, Paris daxilində bəziləri onun cilovu ələ almağa çalışdığını pıçıldayır”, - deyə qeyd edib.
Qadir, Bizimyol.info






