Zəlzələdən sonra Türkiyəyə çatan ilk xarici komanda Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları olub. Azərbaycan yardıma 41 tibb işçisi olmaqla 725 nəfər göndərib. Komandalar 6 fevral 2023-cü ildə Türkiyəyə gəlib və təxminən 1 ay ərzində həm axtarış-xilasetmə, həm də digər fəaliyyətlərdə xidmət ediblər. Martın ilk həftəsinə kimi vəzifələrini davam etdirən azərbaycanlı axtarış-xilasetmə mütəxəssisləri Türkiyəni tərk edən sonuncu komanda olub.
Bizimyol.info xəbər verir ki, hadisənin anım günündə "trthaber" məlumat dərc edib.
Türkiyəyə köməyə gələn azərbaycanlı axtarış-xilasetmə mütəxəssisləri həmin günlərdə yaşadıqlarından danışıblar.
Zəlzələ zamanı Türkiyəyə gedən komandaların koordinatorlarından biri, polkovnik Elşad Zərbəliyev bildirib ki, zəlzələ baş verən gün Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə dərhal Türkiyəyə yola düşüblər, günorta saatlarında Adana hava limanına gəlib, oradan Kahramanmaraşa gediblər.
Polkovnik Zərbəliyev: "Azərbaycan qrupları dağıntılar altından 53 nəfəri xilas edib. Təəssüf ki, dağıntılar altından 780 cəsədi çıxardıq. Zəlzələ zonasında iki səhra xəstəxanası yaratdıq. Bu xəstəxanalarda 3 min adam müalicə olundu. İlk Azərbaycan komandaları Türkiyəyə çatıb. Sonuncu gedən biz olduq”, - deyə bildirib.
Axtarış-xilasetmə xidmətinin əməkdaşı Elvin İsgəndərov bildirib ki, işə başladıqları ilk gün bir ailənin 3 üzvü, ata, ana və uşaqları xilas ediblər. İsgəndərov dağıntılar altından insanları xilas edəndə öz yaxınlarını xilas edirmiş kimi sevindiklərini bildirib: "Türkiyə bizim qardaşımızdır və orada çox çalışdıq. Xilas etdiyimiz bir qadın azərbaycanlı olduğumuzu biləndə "əziz qardaşlarımız gəldi" dedi", - deyə o qeyd edib.

İsgəndərov zəlzələ bölgəsində dəhşətli mənzərə ilə qarşılaşdıqlarını və zamanla yarışdıqlarını deyib: "Mümkün qədər çox insanı xilas etməyə çalışırdıq. Şükür Allaha ki, bunu bacardıq. Mən bununla fəxr edirəm. Bununla yanaşı, təəssüfə bildirim ki, dağıntılar altından çoxlu cəsədlər də çıxardıq. Biz cəsədlərin tamamilə çıxarılmasına diqqət yetirdik".
Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən “Üstün Fədakarlığa görə Dövlət Medalı” ilə təltif edildiyini xatırladan İsgəndərov: “Mən bu medalı öz adımdan deyil, Azərbaycandan olan bütün komanda yoldaşlarım adından aldım”, - dedyib.
Axtarış-xilasetmə əməkdaşı Elçin İmamquliyev: “Biz Türkiyəyə təkcə vəzifə borcunu yerinə yetirmək üçün yox, həm də qardaşlıq borcunu ödəmək üçün gəlmişdik”, - deyib.
İmamquliyev: "İlk dəfə idi ki, belə böyük zəlzələ ilə qarşılaşırdıq, amma psixoloji cəhətdən hazır idik. İbrahim Sarp adlı şəxsi xilas etmək üçün 8 saat çalışdıq. 198 saatdan sonra iki qardaşı betonların altından xilas etdik. Bu bir möcüzə idi.
Bir tərəfdən sevinirdik, amma həyatını itirənlərə kədərlənirdik. Kahramanmaraşdan sonra Hatayda da işlədik. Hatayda 5,4 bal gücündə zəlzələ baş vermişdi. İnşallah bir daha belə fəlakətlər yaşanmaz. Biz hər zaman qardaş Türkiyənin yanındayıq və olacağıq", - deyə bildirib.
Yanğınsöndürən Səxavət Həsənov zəlzələnin ilk günündə gəldikləri Türkiyədə dərhal işə başladıqlarını və çətin hava şəraitinə baxmayaraq insanların həyatını xilas etmək üçün səy göstərdiklərini bildirib.
S.Həsənov deyib: "Biz kimisə sağ-salamat xilas edəndə böyük sevinc yaşadıq. Bəzən bir insanı xilas etmək üçün 7-8 saat işləyirdik. Növbəmiz bitsə də, işimizi başa çatdırıb həmin şəxsi xilas edənə qədər tapşırığı təhvil vermədik", - deyib.
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Qəhrəmanmaraşda yaratdığı sahə xəstəxanasında həkim işləyən Nigar Pənahova da bunları qeyd edib: “Təkcə xəstələr deyil, dərdlərini bölüşmək üçün müraciət edənlər də az deyildi. Psixoloqlar insanlara da kömək edirdilər. Zəlzələdən zərərçəkənlər sevgi ilə bizə yaxınlaşırdılar. Ailəsinin bir çox üzvünü itirən bir xanım var idi. Biz onun yarasını müalicə edirdik. Hər gələndə ya cibində, ya əlində meyvə gətirirdi. Türk xalqının yaşadığı bu fəlakət bizə çox təsir etdi. Ümid edirəm ki, Türkiyə və başqa heç bir dövlət bundan sonra belə bir fəlakət yaşamayacaq”.
Qadir, Bizimyol.info






