TBMM Milli Müdafiə Komissiyasının sədri Hulusi Akar ABŞ-dan "F-16" alınması prosesini açıqlayıb.
Bizimyol.info "TRT Haber"ə istinadən xəbər verir ki, Hulusi Akar bu barədə danışarkən Türkiyənin NATO üçün kritik əhəmiyyətinə diqqət çəkib.
Keçmiş müdafiə naziri: “Türkiyənin güclənməsi, "F-16"ların və donanmaların yenilənməsi təkcə Türkiyənin deyil, NATO-nun da gücü deməkdir. Ətrafımızdakı proseslərə nəzər saldıqda NATO üçün güclü Türkiyəyə hər zamankindən daha çox ehtiyac var. Bu layihənin təkcə Türkiyə-ABŞ deyil, həm də NATO məsələsi olduğunu qəbul etmək lazımdır. Bu məsələnin yaxın günlərdə müsbət nəticə verəcəyini gözləyirik. Müttəfiqliyin tələb etdiyi budur”, - deyə qeyd edib.
"Almaniyanın bəzi ehtiyatları var, lakin onlar həll olunmaz deyil"
Daha əvvəl gündəmdə olan "Eurofighter" satın alma variantı ilə bağlı prosesi izah edən Akar: "Türkiyə olaraq "F-16" və "F-35"almaq istəyirik, ancaq tək ünvan siz deyilsiniz deyirik. Əgər bu baş verəcəksə, olacaq, olmasa, çoxlu variant var. Onlardan biri "Eurofighter"dir. İtaliya və İngiltərə "bəli" deyirlər, Almaniyanın bəzi ehtiyatları var, lakin onlar həll olunmaz deyil. Bütün bunlar bir prosesdir. Əhəmiyyətli olan odur ki, silahlı qüvvələrimizin effektiv, çəkindirici və hörmətli gücünə hər zamankindən daha çox ehtiyac var", - deyə bildirib.
"Biz onların öhdəliklərində irəliləyişin nəticəsi olaraq bu nöqtəyə çatmışıq"
Hulusi Akar İsveçin NATO-ya üzvlük prosesi haqqında da məlumat verib: “Bizim gözləntimiz ondan ibarətdir ki, memorandumda götürülmüş öhdəliklər yerinə yetiriləcək. İsveç də bununla bağlı ciddi təşəbbüslər irəli sürüb. Biz onların öhdəliklərində əldə olunan irəliləyişlər nəticəsində bu qərarı qəbul etmişik”.
Qadir, Bizimyol.info






