“Microsoft”un qurucusu və milyarder iş adamı Bill Qeyts 2023-cü illə bağlı təəssüratlarını və 2024-cü ildən gözləntilərini öz internet səhifəsində paylaşıb.
Bizimyol.info xəbər verir ki, 2023-cü ilin sonuna iki həftədən az vaxt qalıb. Bu səbəbdən bir çox insan və təşkilatlar ötən ilin müsbət və mənfi cəhətlərini qiymətləndirdikləri postlar paylaşırlar.
Bu adlardan biri də Microsoft-un həmtəsisçisi və dünyanın ən nüfuzlu adlarından biri olan Bill Qeytsdir. O, öz bloqunda dərc etdiyi məqalədə gələn il üçün gözləntilərini açıqlayıb.
Qeyts məqaləsinə həm şəxsən, həm də dünya üçün 2023-cü ilin mühüm inkişaflarını toplamaqla başlayıb. Geyts ilk olaraq bu il baba olmaqdan duyduğu xoşbəxtliyi, daha sonra 2023-cü il üçün müşahidələrini bölüşüb.
Süni zəkanın gələcəyi necə formalaşdıracağını görmək imkanımız olduğunu deyən Qeyts, süni intellektin gətirdiyi dəyişikliyi internetin ilk ortaya çıxdığı illərdə yaratdığı dəyişikliyə bənzədib.
Daha sonra bu il baş verən müharibələri, iqlim dəyişikliyinin yaratdığı fəlakətləri, yüksək inflyasiya və aşağı iqtisadi artımı vurğulayarkən, hələ də müsbət düşünməyə davam etmək istədiyini ifadə edib. İnnovasiyaların sürətinə diqqət çəkən Qeyts, Alzheimer, piylənmə və anemiya kimi xəstəliklərlə mübarizədə əldə edilən irəliləyişləri nümunə göstərib.
Qeyts qeyd edib ki, süni intellekt antibiotiklərə qarşı müqaviməti azalda bilər, hər bir tələbə üçün xüsusi təhsil verə bilər, riskli hamiləliklər izlənilə bilər, insanlara HİV riskini anlamağa kömək edə və tibbi məlumatları daha asanlaşdıra bilər.
2024-cü ildə həm aclıqla mübarizədə, həm də iqlim böhranının həllində mühüm addımlar atılacağını düşündüyünü deyən Qeyts, müxtəlif sərmayələri və ortaqlıqlarının bu sahədə irəliləyişlər etdiyini də paylaşıb. "TerraPower" kimi nüvə enerjisi şirkətlərinə diqqət çəkən Qeyts, bu qurğularda enerjinin çox daha təhlükəsiz istehsal ediləcəyini və ənənəvi qurğulara nisbətən daha az tullantı əmələ gətirəcəyini ifadə edib.
Sağlamlıq sahəsində də mühüm irəliləyişlər gözlədiyini bildirən Qeyts, xüsusilə aclıq və piylənmə ilə mübarizədə böyük irəliləyişlərin olacağına inanır. 2024-cü ildə keçiriləcək seçkilərdə 4 milyard insanın səs verəcəyini də bildirən Qeyts, bu seçkilərin gələcəyə əhəmiyyətli dərəcədə təsir edəcəyinin vurğulayıb.
Qadir, Bizimyol.info






