Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"TikTok"un yaratdığı təhlükələrə qarşı hüquqi vasitələr hazırlanmalıdır - Nazir
"TikTok"un yaratdığı təhlükələrə qarşı hüquqi vasitələr hazırlanmalıdır - Nazir

ABŞ-ın ticarət naziri Gina Raimondo hesab edir ki, "TikTok" kimi mobil proqramların yaratdığı milli təhlükəsizlik təhdidlərinə qarşı hüquqi vasitələrin yaratmaq lazımdır.

Bizimyol.info xəbər verir ki, o, bu mövqeyini ABŞ Senatında keçirilən dinləmələrdə bildirib.

"İnsanlar məndən tez-tez soruşurlar ki, biz "TikTok"a qadağa qoymalıyıq. Amma problem daha böyükdür və təkcə "TikTok"la bağlı deyil", - deyə nazir qeyd edib. Raimondonun sözlərinə görə, Çin sosial şəbəkəsi ABŞ-ın “milli təhlükəsizliyinə təhdid yaradır”.

"Ancaq bizə hərtərəfli təkmilləşdirmə planı lazımdır. Bu gün təhdidlər 10 il əvvəlkindən fərqli xarakter daşıyır. Ona görə də düzgün iş, qanuni qüvvəyə malik hüquqi vasitələrin dəsti və milli təhlükəsizliyə təhlükə yaradan bu bir-biri ilə əlaqəli tətbiqlərə kompleks yanaşma yaratmaqdır", - deyə Amerika Ticarət Departamentinin rəhbəri bildirib.

ABŞ hakimiyyəti dəfələrlə Çin sosial şəbəkəsi "TikTok"dan istifadə ilə bağlı narahatlıqlarını ifadə edib. ABŞ kəşfiyyat orqanlarının məlumatına görə, Çin sosial şəbəkəsi milli təhlükəsizliyə təhdid yaradır. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsin sözlərinə görə, Çin hakimiyyəti "TikTok"un amerikalı istifadəçilərinin şəxsi məlumatlarını əldə etmək, həmçinin bu sosial şəbəkədə hansı növ materialların yerləşdirilməsinə nəzarət etmək imkanına malikdir.

Ötən il dekabrın sonunda ABŞ prezidenti Co Bayden ölkənin 2023-cü maliyyə ili üçün büdcəsini təsdiqləyib. Sənədə, digər məsələlərlə yanaşı, dövlət qulluqçularının proqramdan iş cihazlarında istifadəsini qadağan edən müddəa da daxil edilib.

Qısa videolar yükləməyə imkan verən "TikTok" sosial şəbəkəsi 2017-ci ildə, beynəlxalq versiyası isə 2018-ci ilin avqustunda istifadəyə verilib. Şəbəkənin sahibi Çinin "ByteDance" texnologiya şirkətidir. Platformanın aktiv istifadəçilərinin sayı 1 milyardı ötüb, onun tətbiqi 3 milyard dəfədən çox yüklənib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »