Avropa İttifaqı (Aİ) ölkələri 2035-ci ildən etibarən benzin və dizel mühərrikli yeni avtomobillərin satışının qadağan edilməsi təşəbbüsünü təsdiqləyib. Aİ Şurası üzv ölkələrin 2035-ci ildən başlayaraq avtomobillər və yüngül kommersiya avtomobilləri üçün ciddi karbon emissiya standartları tətbiq edəcək qanunu təsdiqlədiyini açıqlayıb.
Qanuna görə, avtomobil istehsalçıları 2035-ci ilə qədər karbon emissiyalarını aradan qaldıracaqlar. Belə ki, bu tarixdən etibarən Aİ ölkələrində daxiliyanma mühərrikli yeni avtomobillər, o cümlədən karbon emissiyalı benzin və dizel yanacağı satılmayacaq. Bundan əlavə, 2030-cu ilə qədər emissiyaların azaldılması hədəfi avtomobillər üçün 55 faiz, yük maşınları üçün isə 50 faiz olacaq. Aİ-yə üzv dövlətlərin rəsmi təsdiqini tələb edən nizamnaməyə Almaniya başda olmaqla bir qrup ölkə qarşı çıxıb. Planı dəstəkləmək üçün Almaniya Aİ-dən elektron yanacaq kimi tanınan havadan bərpa olunan enerji və karbondioksidi tutmaqla istehsal olunan sintetik yanacaqlara istisnalar tətbiq etməyi xahiş etmişdi. Aİ Komissiyası ilə Almaniya arasında aparılan danışıqlar nəticəsində bu məsələ ilə bağlı razılıq əldə olunub. Almaniya sintetik yanacaqla işləyən daxiliyanma mühərrikləri olan yeni avtomobillərin satışı ilə bağlı Aİ-dən zəmanət almışdı. Bu mərhələdən sonra qanun Aİ-nin rəsmi jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) icraçı direktoru, avtomobil bazarı üzrə ekspert Eyyub Əliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu qadağalar Avropada baş verəcək. Yəni bildiyimiz kimi Avropa da 2030-cu ildən sonra dizellə mühərrikli avtomobillərin həm istehsalı, həm istismar məsələsi ilə bağlı qadağalar həyata keçiriləcək və onlar artıq avtoparkdan kənara çıxarılacaq. Amma Azərbaycanda bunun olması hələ tezdir.
Eyyub Əliyev“Biz hələ indi SOCAR-ın yanacaqdoldurma məntəqələrində avrodizeli görürük. Onu istifadə etmədən onun ləğvinə başlamaq? Bu, biraz inandırıcı məsələ deyil. Azərbaycanda dizelin cəmiyyətə, ekologiyaya vurduğu ziyandan danışmaqdan daha çox köhnə avtomobillərin vurduğu ziyanı ortaya gətirsək, daha yaxşı olar. Çünki yeni və dizel mühərrikli avtomobilin ekologiyaya hansısa bir ziyanı toxuna bilməz. Amma köhnə avtomobil istər 95 oktanlı benzindən istifadə olunsun, onun ekologiyaya vurduğu ziyanı yəni müqayisə etmək tam fərqli haldır. Dizel müərrikli avtomobillərinin ləğvi bizdə gözlənilmir”-deyə əlavə edib.
İradə Cəlil, Bizimyol.info






