Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərzaq istehsalı sürətlə azalır, idxaldan asılılıq dayanmadan artır - Güclü iqtisadiyyata ehtiyac var...
Ərzaq istehsalı sürətlə azalır, idxaldan asılılıq dayanmadan artır - Güclü iqtisadiyyata ehtiyac var...

Azərbaycanın istehsal potensialı heç də az deyil. Amma hökumətin illərdir bütün planlarını neftin qiymətinə uyğun qurması, iqtisadi konsepsiya yaratmaması işini görür. Ərzaq istehsalı getdikcə azalır. Əvəzində idxal dayanmadan artır.

Bizimyol.info xəbər verir ki, rəsmi məlumata görə, Azərbaycan 2023-cü ilin yanvar-iyul aylarında ərzaq məhsullarının idxalını ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artırıb. Təxminən 1,23 milyard manat vəsait xərclənib. Azərbaycanda ərzaq idxalı göstəriciləri hər il artır. Düzdür, Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyev müsahibələrində belə demir. Onun iddiasına görə, yerli istehsalın artması fonunda idxaldan asılılıq azalır. Səfər Mehdiyev müsahibələrində uyğun cümləni bir neçə dəfə işlədib. Statistikaya baxırıq. Məsələn, 2015-2020-ci illəri əhatə edən hesabatda yalnız buğanın və kartofun idxalı azalıb. Hər il müəyyən artım qeyd alınıb. Bitki yağlarının, makaron məhsullarının, ət və ət məhsullarının, hətta bostan məhsullarının idxalı dayanmadan artıb. Kərə yağı ilə bağlı da illərlə belə olub. Amma bu ilin ilk 7 ayında müəyyən azalma müşahidə olunur. Bəlkə də, bu da müvəqqəti xarakter daşıyacaq.

İddia ilə iş bitmir, statistika ortadadır. Getdikcə ət və ət məhsullarının idxalı daha sürətlə artacaq. Çünki heyvandarlığın inkişafı üçün zəmin qalmayıb. Otlaq sahələri sıradan çıxarılır, susuzluq baş alıb gedir. Kür hövzəsində yaşayanlar heç özləri içməli su tapa bilmir. Heyvanlara su verilməsi əməlli-başlı problemə çevrilib. Buğdaya böyük ehtiyac yaranıb. Yenə sadaladığımız amillərə görə. Sahələri suvarmaq olmur. Buğda istehsalı heç cür yaxşılaşa bilməz.

Getdikcə idxal məhsullarına daha böyük ehtiyac yaranacaq. Proseslər ərzaq böhranına aparır. İndi gurultulu ifadələrlə danışmağın zamanı deyil. Ölkə iqtisadiyyatında ciddi islahatlara, addımlara ehtiyac var. Daim gözünü xaricə dikmək olmaz. Ölkədə sözün əsl mənasında güclü iqtisadiyyat yaradılmalıdır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »