Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı-Quba istiqamətində ödənişli yola alternativ ödənişsiz ölüm mənbəyi
Bakı-Quba istiqamətində ödənişli yola alternativ ödənişsiz ölüm mənbəyi

Bakı-Qubi-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni 129 kilometrlik hissəsi ödənişli təyinatla müəyyən edilib. Yəni indiyə qədər olan yolun alternativ versiyasından istifadə üçün pul ödəmək lazım gələcək. Hələlik məbləğ açıqlanmayıb. Əvvəlcə hər kilometr üçün 4 qəpik ödənməsi ilə bağlı xəbər yayılmışdı. Son günlər mütəxəssislər 6-8 qəpikdən danışmağa başlayıblar.

Bizimyol.info xəbər verir ki, Bakı-Quba-Rusiya yolunun əsas, ənənəvi hissəsində yenə təmir işləri aparılır. Buna görə də yolun Bakı istiqamətindəki müxtəlif hissələrində qarşılıqlı hərəkət təşkil olunub. Bunun necə təhlükəli olduğunu Şimal bölgəsinin sürücüləri yaxşı bilir. Qəzalardan qaçmaq çətinləşir. Qarşı tərəfdən gələn yük avtomobili idarətetmənin itirilməsi nəticəsində minik maşınını nəinki sıradan çıxarar, hətta ölümə səbəb ola bilər. Son illər Şimal istiqamətində belə hadisələr az olmayıb. Bu cür təmir işləri sürücülərin gözünü çox qorxudur. Bakı-Quba-Rusiya yolu barədə əvvəllər yazmışıq. İndiyə qədər bir milyarda dollara yaxın xərclənib, ortada normal yol yoxdur. Yolun Bakı istiqamətindəki hissəsi təmir olunub. İndi Quba istiqaməti təmir həyatını yaşayır. Niyə? Çünki illər əvvəl məsuliyyətsizliyə yol verilib. Beton yol çəkilib, amma təmir işləri zamanı məlum olur ki, o vaxt çox yerdə armaturdan kifayət qədər istifadə edilməyib. Bu və başqa çoxsaylı səbəblər üzündən yol qısa zamanda sıradan çıxıb.

Böyük yeyinti sürücülərə, sərnişinlərə həyatı bahasına başa gəlir. Yol kənarındakı kəndlərə baş çəkirsən, az qala hər yaşayış məntəqəsinin sakinlərindən kiminsə təmir zamanı qarşılıqlı hərəkətin təşkilinə görə həyatını itirdiyi məlum olur. Bakı-Quba-Rusiya yolunda nə qədər ölümlər oldu. Yolun bərbadlığına görə təmir səbəbilə bir tərəfin bağlanması üzündən baş vermiş təkcə bir qəzada 6 nəfər ölmüşdü. Bu hadisədən heç bir il keçməyib. Ardınca yolun Siyəzəndən keçən hissəsində baş vermiş qəzada üç müəllim dünyasını dəyişdi. Bunlar həmin yolda son 10 ildə baş vermiş ölümlərin çox cüzi bir hissəsidir.

Bu ölümlərə görə kim məsuliyyət daşıyacaq? Kim zəmanət verir ki, bu dəfə proses ölümlə nəticələnməyəcək? İnsanlar həyatını itirir, heç kimin vecinə deyil. Ölənlərin yaxınlarına heç bir kompensasiya ödənmir. Sanki belə də olmalıdır.

Alternativ ödənişli yolu açırlar. Amma düşünən yoxdur ki, həmin yola pul ödəyə bilməyənlərin taleyi necə olacaq. Bu adamlar üçün alternativ yol yoxdur. Daim ya bərbad gündədir, ya da təmir işləri gedir. Sürücülər üçün ölümdən başqa alternativ saxlanılmayıb. Baş verənlər cinayətdir, başqa ad vermək olmur.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »