Düz otuz il bundan öncə - 1993-cü il avqustun 23-də Füzuli rayonu, eləcə də, Cəbrayıl işğal olundu. Yandırıldı, dağıdıldı. 1988-ci ildən bəri bir neçə il ərzində yerli könüllü taqımların qoruyub saxladığı Füzuli şəhəri və 50 kəndi bir neçə gündə işğal olundu.
Təbii ki, bunun çox dərin səbəbləri var. Həmin səbəbləri dəfələrlə təhlil edib yazmışıq. Bu gün söhbətin mövzusu başqadır; 23 avqust, dediyim kimi, Füzulinin işğal edildiyi gündür. Ancaq Füzuli günü indi 17 oktyabrdır - Füzuli şəhərinin azad edildiyi gün. 23 avqustu isə yenidən və başqa biçimdə, başqa əhvalda xatırladıq.
Artıq bir neçə gündür ki, Füzuli şəhərinə sakinlərin köçürülməsi başlayıb və davam edir. Bu sentyabrda Füzuli şəhərində uşaqlar məktəbə gedəcək. Burada Özbəkistan Respublikasının dəstəyi ilə Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəbin açılışı olub. Bu açılışa iki prezident birlikdə gəlib: Azərbaycanın və Özbəkistanın dövlət başçıları - İlham Əliyev və Şövkat Mirziyayev. Buna kimsə sıradan bir fakt kimi baxar bəlkə. Amma böyük tarixi hadisədir. Bu hadisə həm də bir neçə baxımdan rəmzi məna daşıyır. Əvvəla, Füzuli şəhəri azad edildikdən sonra vaxtilə bu şəhərin işğal olunduğu gün burada məktəb açılır. Məktəb isə bu şəhərdə normal həyat axarının ən başlıca əlamətidir. Bir şəhərdə məktəb, təhsil varsa, orda həyat var deməkdir. Düşmənin 30 il qabaq işğal etdiyi bir şəhərdə elə həmin gündə məktəb açılışı edirik. Bunun anlamı böyükdür. İkincisi, bu məktəbi Özbəkistan Azərbaycana hədiyyə edib. Məktəbdən gözəl qardaş hədiyyəsi ola bilməz. Bu məktəb, bəli, tam orta məktəbdir, amma həm də tam olaraq bir simvoldur. Türk Dövlətləri Təşkilatı formasında institutlaşan türk inteqrasiyasının bir elementi, sübutudur bu məktəb.
Açıq deyək, dünənə qədər bəzi türk dövlətləri Ermənistanla sıx əməkdaşlıq edirdi. Hətta İrəvana səfər çərçivəsində Qırğızıstanın bir zamankı prezidenti qondarma "erməni soyqırımı" abidəsinə əklil qoyaraq baş əymişdi belə. Ancaq bu gün Azərbaycanın timsalında Cənubi Qafqaz,Türkiyənin timsalında Anadolu Mərkəzi Asiyaya qovuşur və böyük bir türk zolağı yaranır (yeri gəlmişkən, Tarix üzrə fəlsəfə doktoru, siyasi publisist və siyasətşünas İbrahim Məmmədov bu haqda hələ 1994-cü ildə bizim nəşr etdiyimiz qəzetdə geniş, fundamental yazılar yazmışdı, "Türk zolağı" ideyasının konseptual əsaslarını ortaya qoymuşdu. Bu gün həmin ideya gerçəkləşir). Bu gün iki türk dövlətinin liderləri 30 ildən sonra işğaldan azad olunmuş (həm də çox sayda qəhrəman əsgər və zabitimizin qanı, canı bahasına azad olunmuş) Füzuli şəhərinə birlikdə gəlir, birlikdə məktəbin açılışını edir, bu əraziləri birlikdə gəzir-dolaşır, qəhrəman şəhidləri birlikdə yad edir. Bu, təkcə siyasi və sair birliyin deyil, iradə, ruh, ürək birliyinin təməlini möhkəmləndirir. Bir zamanlar biz Füzulinin, Qarabağın azad olunmasına xəyal kimi baxdığımız kimi Türk birliyinə də elə baxmışıq. Ancaq bu gün xəyallarımız gerçək olur.
İki dövlət başçısının Füzuliyə birlikdə səfəri hələ də sülhə yanaşmayan Ermənistan hökumətinə, elə cəmiyyətinə də çox ciddi bir mesaj oldu: türk iradəsinin gücü ilə bir daha üz-üzə gəlməsi məsləhət deyil. Revanşist fikirləri başından atsın. Yoxsa təkcə Azərbaycan türkləri ilə deyil, Anadoludan Mərkəzi Asiyaya qədər uzanan böyük türk ailəsi ilə qarşı-qarşıya gəlmiş olar. Dosta da, düşmənə də mesaj verildi ki, işğalçıların vurub dağıtdığı şəhərlərin, kəndlərin gerçək sahibləri yenidən qurub-yaradır. İşğalçının od vurub yandırdığı torpaqlarda türk varlığı öz külündən yenidən doğulur. Dünən Zəngilan, Laçın, bu gün Füzuli, sabah Şuşa, Ağdam, Kəlbəcər, Qubadlı, Cəbrayıl... Qarabağ öz doğma sakinlərini bağrına basır. İnsanlar 30 ildən sonra öz evlərinə - yeni, müasir, rahat evlərinə qayıdır. Bunu olduğu kimi təsirli təsvir etmək üçün söz də tapmaq olmur.
...Füzuliyə öz evinə - yeni evinə qayıdan bir uşağın fotosunu gördüm. Gözlərində sözlə ifadə edilməyəcək qədər dərin və dupduru bir sevinc vardı. Qarabağ, sadəcə, torpaq deyil, dağ-daş, kənd-şəhər deyil. Qarabağ - avtobusda Füzuli şəhərinə gedən o uşağın gözündəki bəxtəvərliyin tablosudur. Bu duyğunu bizə yaşadan qəhrəman Ordumuzun əsgər və zabitlərinə, Ali Baş Komandandan sıra nəfərinə qədər hər kəsə sonsuz minnətdarlıq hiss edirəm.
Bir yazımda da yazmışdım: "Aldığımız hər nəfəs şəhidlərimizin verdiyi son nəfəsdir". Şəhidlərimiz həmişə (həmişəki kimi!) sağ olsun! Qazilərimiz var olsun!
Bahəddin HəziBahəddin Həzi, Bizimyol.info






