Kaliforniya Universitetində çalışan bir qrup elm adamı təbii qoxulara məruz qalaraq, yatan fərdlərin beyin sağlamlığının daha yaxşı qorunduğunu müəyyən edib. Tədqiqat insanlara demans və Alzheimer kimi xəstəliklərdən qorunmağa kömək edə bilər.
Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, nəticələri “Frontiers in Neuroscience” jurnalında dərc edilən araşdırma çərçivəsində 60-85 yaş arası 43 nəfər üzərində bir sıra testlər aparılıb. 20 subyektin yuxu mühitinə qızılgül, portağal, evkalipt, limon, nanə, rozmarin və lavanda kimi müxtəlif qoxular verilib. Digərləri nəzarət qrupu kimi qəbul edilib və onların yuxu mühitinə saxta qoxular verilib. 6 ay davam edən araşdırma təəccüblü nəticələr ortaya çıxarıb. Belə ki, cəmi 2 saat ərzində verilən qoxu beyin fəaliyyətini 226 faiz artırıb. Subyektlər 6 aylıq müddətin sonunda bir sıra nevropsikoloji testlərdən keçirilib. Bu testlərdə yaddaş, diqqət çatışmazlığı və şifahi zəka kimi kateqoriyalar üzrə ölçmələr aparılıb. Əldə edilən nəticələr çox təəcübli idi. Təbii qoxular arasında yatan fərdlərin nəticələri digərlərindən 226 faiz daha yaxşı olub. Üstəlik, bu şəxslərin yaddaş və düşüncə üçün vacib olan beyin bölgələri də daha yaxşı vəziyyətdə olub. Tədqiqatın nəticəsində müəyyən edilib ki, qoxulu mühitlər yaşlı insanların beyin sağlamlığı üçün yaxşı olub.
Mövzu ilə bağlı açıqlamalar verən neyrobioloq Maykl Yassa qeyd edib ki, qoxu hissi beynin yaddaş dövrələri ilə birbaşa əlaqəli olmaq kimi xüsusi bir üstünlükə malikdir. Hazırda tədqiqatın ikinci mərhələsinə başlanılıb. İlkin tədqiqata daxil olan şəxslərin hamısı yaxşı psixi sağlamlıq vəziyyətindədir. İkinci mərhələdə tibbi olaraq, idrak itkisi diaqnozu qoyulmuş subyektlər öyrəniləcək. Demans və ya Alzheimer kimi xəstəlikləri olan insanlar üçün qoxular təsirli olarsa, bu xəstəliklər üçün əhəmiyyətli bir silaha sahib olma fürsəti ola bilər.
İlahin, Bizimyol.info






