Bu gün intellekti ilə gündəmə gələn uşaqların sayı kifayət qədər çoxdur. Bəziləri kiçik bir sözlə məşhurlaşıb danışılmağa başlasa da, bəziləri uğurları ilə gündəmə gəlir. Kim Ung-Yong isə gənc yaşda əldə etdiyi nailiyyətlərə baxmayaraq sakit bir həyatı seçərək əsl uğurun xoşbəxtlik olduğunu iddia edir.
Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, cəmi bir yaşında Yong həm Koreya əlifbasını, həm də mindən çox Çin simvolunu öyrənib.
Kim Ung-Yong 8 mart 1962-ci ildə Cənubi Koreyanın Seul şəhərində fizika professoru ata və Seul Milli Universitetində dərs deyən ananın ailəsində anadan olub. Üç yaşında o, hesablama məsələlərini həll edirdi. O, həmçinin ailəsinin köməyi ilə ingilis və alman dillərində 247 səhifəlik esselər, xəttatlıq (dekorativ sənət) və illüstrasiyadan ibarət kitab nəşr etdirdi.
Beş yaşında o, Koreya, Yapon, İngilis, Alman və Fransız dillərini mükəmməl bilirdi və hətta Hanyang Universitetində fizika dərsində iştirak edirdi.
Dörd yaşında Yonq yeddi yaşlı uşaqlar üçün hazırlanmış IQ testindən 210 bal toplayaraq Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən yüksək İQ səviyyəsinə malik insan adına layiq görülüb.
Beş yaşında Yonq Yaponiyada Fuji TV-də mürəkkəb diferensial və inteqral hesablama məsələlərini həll etdi. Beləliklə, o, beynəlxalq şöhrət qazandı. Yaponiyada televiziyadakı çıxışı ilə şöhrət qazanan Yonq NASA-nın diqqətinə düşüb və ona iş təklif olunub. Bunun onun üçün böyük bir fürsət olduğunu anlayan Yong təklifi qəbul edərək NASA-da on ilə yaxın işləyir. Bu prosesdə o, qeyri-adi yaddaşı və mürəkkəb riyazi məsələləri həll etmək bacarığı ilə daim həmkarlarını heyran edirdi. NASA-da işlədiyi müddətdə Yong özünü tənha hiss edirdi, çünki digər işçilər ondan yaşlı idilər. Digər işçilərin onun ideyalarından ilham alması, lakin heç kimin onu təqdir etməməsi Yongu da üzür. NASA-da xoşbəxt ola bilməyən Yong Cənubi Koreyaya qayıtmağa və 1978-ci ildə məktəbi bitirməyə qərar verir. O, bütün tələb olunan təhsillərini başa vurur və cəmi iki il ərzində orta məktəb ekvivalenti dərəcəsini qazanır. Daha sonra inşaat mühəndisliyi ixtisası üzrə təhsil almaq üçün universitetə daxil olur. Doktoranturasını bitirdikdən sonra Koreya şirkətində orta menecer kimi işləməyə başlayır.
Yong 2007-ci ildə Chungbuk Milli Universitetində köməkçi kimi çalışıb. 2014-cü ildə nəhayət professor olmaq arzusunu həyata keçirir. Belə ki, şirkətdən ayrıldıqdan sonra 51 yaşında professor kimi Şinhan Universitetinin heyətinə qatılıb. Yong “Özümü gələcək nəslə öyrətməyə həsr edəcəm” deyərək həyatından məmnun olsa da, NASA-da fəaliyyətini dayandırdığı üçün cəmiyyət onu “uğursuz dahi” kimi görməyə başlayıb.
Kim Ung-Yong, "Mən insanlara olduğum kimi xoşbəxt olduğumu deməyə çalışıram" deyir. O, qeyd edir ki, əsl uğur xoşbəxt və dinc həyat yaşamaqdır. Hazırda onun 61 yaşı var.
İlahin, Bizimyol.info






