Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Birinci şəxsdən ustad dərsi
Birinci şəxsdən ustad dərsi

Bir ölkənin Prezidenti həm də diplomatik resursların Ali Baş Komandanıdır. Dövlətin birinci diplomatı bundan artıq nə desin?! Bundan açıq necə desin?! Həm də niyə?!

Deyir ki, beynəlxalq güclər dünyanın başqa ölkəsində -Ukraynada birləşib separatizmin qarşısında dururlar, ancaq Azərbaycana gəlincə, birləşib separatizmin arxasında dururlar. Bu lənətlik dualizmin açmasını istəyir. Soruşduğu budur ki, eyni məsələyə iki - bir-birinə diametral tərs yanaşmanı necə izah etmək olar?!

"Euronews" televiziyasının müxbiri iyulun 22-də Şuşada Prezident İlham Əliyevə bir neçə sual verib. Müsahibəni avqustun 1-də efirə veriblər. Tam olaraq Ermənistanın "humanitar təcavüz" cəhdinin baş verdiyi və davam etdiyi gündə gedib bu müsahibə. Yəqin bu da təsadüf deyil.

O müsahibədə Laçın yolunun (telekanalın "Laçın dəhlizi" adlandırdığı yolun) bağlı qalmasına dair sual var. Bu suala Prezident geniş cavab verib. Həm də faktlarla.

Bu il aprelin 23-də Azərbaycan tərəfi Laçında sərhəd-buraxılış məntəqəsi qurandan bəri oradan 2 mindən çox insan keçib. Təcili yardım maşınları keçib. Daha nə keçməlidir ki, Ermənistan və onun adından sual verənlər bu yolun açıq olduğuna inansınlar?! Tank keçməlidir?!

Çox qəribə məntiqdir; əgər bu yolla Ermənistandan Qarabağ separatçılarına, qanunsuz silahlı dəstələrə silah-sursat keçirilə bilmirsə, deməli, yol bağlıdır?!

Prezident dəfələrlə və net bir şəkildə deyib ki, Azərbaycanın suverenliyi altında yaşamaq istəməyənlərə getmək üçün yol açıqdır. Təbii ki, söhbət terrorçulardan, hərbi canilərdən getmir; onlar Azərbaycanda qalacaq və qanun qarşısında cavab verəcək. Qarabağın erməni əhalisi isə Azərbaycan dövlətinin vətəndaşlığını qəbul etsin, bunu istəməyənlərə isə yol açıqdır - çıxıb getsinlər. Bu qədər aydın seçim haqqı!

Azərbaycanın icazəsi olmadan başqa bir ölkənin vətəndaşı Azərbaycan ərazisində necə yaşaya bilər?! Əlbəttə, yaşaya bilməz. Azərbaycanın bir hissəsini ayrıca, guya müstəqil dövlət bilərək, o qondarma "respublika"nın "pasport"u ilə heç yaşaya bilməz. Prezident deyir: ya biz, ya Ermənistan! Ya Azərbaycanın qanuni vətəndaşlığı, ya da çıxıb getmək! Vəssəlam!

Amma yox! Qarabağdakı erməni əhalini öz girovluğunda saxlayan qondarma rejim, onun idarəçiliyini qəbul edənlər isə deyir: "Azərbaycanın qanunlarını tanımırıq, ancaq acıq, Azərbaycan xaricdən gələn ərzağı öz sərhədindən buraxsın, ac qalmayaq".

Azərbaycan prezidentinin də bu müsahibədə dediyi kimi, humanitar yardımın çatdırılmasını istəyirlərsə, Ağdam-Xankəndi yolu var. Laçın sərhəd-buraxılış məntəqəsi, Ağdam-Xankəndi yolu ilə bağlı təklif Qarabağdakı erməniləri Azərbaycan qanunları ilə əyani tanış etməkdir. Əslində Azərbaycan güzəşt edir; onunla diplomatik münasibətlər qurmamış bir dövlətə quru sərhədlə gediş-gəlişə icazə verir. Xəstələrini aparıb müalicə etsinlər deyə. Yükləri isə Ağdamdan buraxmağa hazırdır. Tam qanuni, məntiqli və haqlı mövqedir.

Deyir, Ermənistan rəhbərləri Azərbaycanın ərazi bütövlüyünü tanıdığını şifahi bəyanatlarında ifadə edir, ancaq bunu sənədlə, imzayla təsdiq etmək istəmir. Deməli, Azərbaycanı və bütün dünyanı aldatmağa çalışır. Dünyada kimlərsə hələ də Ermənistanın yalanlarına və oyunlarına "könüllü" aldanmaq istəyirsə, öz işləridir. Azərbaycan aldanmır. İndi o yalana inananlar, oyuna qoşulanlar Azərbaycana: "Sən də inan" deyə diqtə etmək qəflətinə düşüblər. Onlar bəlkə də dünyanın siyasi-geosiyasi xəritəsindəki güclü Azərbaycanı 1990-ların hərbi-siyasi xatirələrindəki zəif Azərbaycanla dəyişik salıblar. Ona görə də İlham Əliyev o ünvanlara mesajında deyir ki, indiki geosiyasi reallıqları və qüvvələr nisbətini dərindən dərk etmək lazımdır. Amma hələ görünən odur ki, Ermənistan tərəfi bu reallıqları dərk etmir. Ona görə də ərazimizi tərk etmək istəməyənlərə arxa çıxır.

Prezident deyir ki, rəsmi Bakı Ermənistana beş prinsip əsasında sülh müqaviləsi imzalamağı təklif edir. Ancaq qarşı tərəf bununla razılaşmır. O prinsiplərin hamısı beynəlxalq hüququn prinsipləridir. Bu gedişlə təkcə Ermənistanı deyil, onun arxasında dayananları da çətin sual qarşısında qoyur. İlham Əliyevin dediklərinin əksini sübut etməyə çalışan hər bir aktor - dövlət, beynəlxalq təşkilat, eləcə də, siyasətçi... özünü beynəlxalq hüquqdan və hər cür hüquq anlayışından kənarda qoyar.

Azərbaycan dövləti açıq və haqlı sual verir: "Əgər Ermənistanla Azərbaycan arasında müharibə yox, sülh istəyirsinizsə, niyə sülhə deyil, müharibəyə aparan yolla gedirsiniz?!"

Bu gün Laçın-Xankəndi yolu müharibəyə aparan yoldur, Ağdam-Xankəndi marşrutu isə sülhə aparan yoldur. Prezident Əliyev həm Ermənistana, həm də onun arxasındakılara daha bir çətin sual verir: əgər sülhə getmək istəyirsinizsə, niyə müharibəyə aparan yolu seçmisiniz?!

Bu sualın qarşısında çaşıb qalıblar.

Avropa bir telekanal vasitəsilə İlham Əliyevə deyir: "Azərbaycanla Ermənistan arasında sülh vasitəçiliyi üstündə rəqabət var: ABŞ, Avropa İttifaqı və Rusiya arasında". Cənab Əliyev isə deyir ki, Azərbaycan üçün fərqi yoxdur. Rəqabət olsun-olmasın, əsas odur ki, bu, sülhə gətirib çıxarsın.

Dövlət başçısı 10 noyabr bəyanatını xatırladır və deyir ki, bu bəyanatın imzalanması Rusiyanın təşəbbüsü olub və müharibə dayanıb. Bu, sülh müqaviləsi deyil, sadəcə, bir bəyanatdır. Onu da deyir ki, Avropa İttifaqının Ermənistana təsiri var.

Bu cümlələri bir az "tərcümə" etsək, Prezident Qərbə bunu çatdırmaq istəyir: Rusiyanın müharibəni dayandırmağa gücü və istəyi olub, əgər Qərbin də istəyi olsa, sülh müqaviləsini imzalatmağa (oxu: Ermənistana) gücü çatar. Azərbaycan sülh müqaviləsini tezliklə imzalamağa hazırdır. Prezident hətta konkret müddət də təklif edib: ilin sonuna kimi.

İlham Əliyevin bu məsələdə mövqeyi aydın və əsaslıdır: Azərbaycan beynəlxalq hüquq və hazırkı reallıqlar əsasında sülhə hazırdır. Sülhə hazır olmayan Ermənistandırsa, niyə təzyiq cəhdləri Azərbaycana qarşı yönəlir?! Məntiqsizlikdir.

Başqa bir narrativ: 44 günlük müharibədəki qələbələrə qədər Azərbaycan beynəlxaq hüquqa əsaslanıb öz mövqeyini irəli sürəndə, Ermənistan da, keçmiş Minsk Qrupu həmsədrləri də deyirdi ki, Azərbaycan hərbi-siyasi reallıqları qəbul etsin ki, sülh olsun. Buyurun, indi beynəlxalq hüquq da, hərbi-siyasi reallıqlar da Azərbaycanın tərəfindədir. Vasitəçilər də eyni!

İndi zəhmət çəkin, Ermənistana beynəlxalq hüququ və hərbi-siyasi reallıqları qəbul etdirin. Beləliklə, bu bölgədə "siyasi investisiyanızı" sülhə yatırın, müharibəyə yox!

Prezidentin mesajları sülh mövzusunda ustad dərsi idi və məqsədi məhz gerçəkləri anlatmaqdı. Bu ismarıclar bəlli ünvanlara göndərilmişdi. Baxaq, görək, mesajları alanlar adekvat reaksiya verəcəkmi?! Yoxsa oyun oynamağa davam edəcəklər...

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »