Qarabağdakı erməni silahlı dəstələri sərnişin təyyarələrinə radiomaneələr yaratmağa çalışıblar.
Bu haqda Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. Erməni terrorçular Bakı-Füzuli, Budapeşt-Bakı, Bakı-Qəbələ və əksinə marşrutlarla uçan təyyarələrin GPS peyk naviqasiya sisteminə radiomaneələr yaratmağa çalışıblar. Bu, əslində təyyarələri düşürməyə cəhddir. Bildiyiniz terror aktıdır. Terrora cəhddir.
Bu terrorçuluq əməlləri Rusiyanın sülhməramlı olduğu iddia edilən hərbi kontingentinin nəzarətindəki ərazilərdən törədilir. Ancaq Azərbaycan-Ermənistan sərhədinə baxın: dünyanın 17 ölkəsinin səfirləri Ermənistanın "Spayka təxribatı"ına qoşulub Qarabağdakı terrorçulara humanitar yardım gətirir. Aralarında bir-biri ilə düşmənçilik edən ABŞ və İran var, ABŞ və Rusiya var. Rusiya və Ukrayna var.
Aralarında soyuq küləklər əsən Fransa və Britaniya var. Rusiyanın işğalla təhdid etdiyi Litva və Polşa var. Özü Katalon separatizmindən əziyyət çəkən İspaniya var. Azərbaycandan neft, qaz alan İyaliya var, Serbiya, Bolqarıstan var. Müstəqilliyimizi ilk tanıyanlardan olan, hər cür dəstəyimizi görmüş Rumıniya var. Neytral İsveçrə var. Quyruğu qapı arasında qalanda Azərbaycandan yüz milyonlarla pul dilənən Belorus var. Bunlar toplaşıb Qarabağdakı erməni terrorçularına yardıma gedir.
Bəli, onlar Ermənistandakı səfirlərdir. Bəs Azərbaycandakı səfirlər?! Onlar niyə demir ki, o dağ yollarında niyə qaranəfəs olursunuz?! Ağdam-Xankəndi yolu ki açıqdır. Rahat, qısa yolu qoyub, o Laçın aşırımlarına niyə cummaq istəmisiniz?! Onlara niyə deyən yoxdur: cənab səfirlər, düz yolda deyilsiniz. Sözün hər iki mənasında!
Seyid Əhmədli, Bizimyol.info






